Gürcüstandakı neft emalı zavodu Rusiya neftindən imtina edir
Gürcüstanın Kulevi limanında yerləşən neft emalı zavodu Avropa İttifaqının sanksiyaları səbəbindən Rusiya neftinin emalını tam dayandıracağını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə zavodun sahibi olan Black Sea Petroleum (BSP) şirkətinin Müşahidə Şurasının üzvü Vaxtanq Çaxnaşvili "Pirveli" telekanalının efirində bildirib.
Onun sözlərinə görə, müəssisə avqustun sonu və ya sentyabrın əvvəlindən etibarən Rusiya neftinin emalını tamamilə dayandıracaq.
Çaxnaşvili qeyd edib ki, Avropa İttifaqı iyulun 24-də zavoda qarşı preventiv sanksiyalar tətbiq edib. Bildirilib ki, müəssisə Rusiya neftinin emalından imtina etməyəcəyi təqdirdə, bu sanksiyalar 2027-ci il yanvarın 25-dən qüvvəyə minəcək.
Şirkət rəsmisi əlavə edib ki, BSP Avropa bazarlarına çıxmağı planlaşdırır və buna görə də Rusiya neftinə alternativ mənbələr axtarır. Onun sözlərinə görə, Rusiya neftinin idxalının davam etdirilməsi şirkətin Aİ sanksiyalarına məruz qalmasına səbəb olardı.
10:04 27.07.2026
Oxunuş sayı: 67