Tramp Aİ-ni hədələdi: Google-a görə yüksək qiymət ödəyəcək
ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqının (Aİ) ABŞ texnologiya şirkətlərinə qarşı siyasətini sərt tənqid edib və Brüsseli mümkün ticarət tədbirləri ilə hədələyib.
Crossmedia.az bu barədə ˝TASS˝- a istinadən xəbər verir.
Tramp Google şirkətinə təxminən 1 milyard dollar məbləğində cərimə tətbiq edilməsinə münasibət bildirərək qeyd edib ki, Aİ qanunsuz və qeyri-etik davranışına görə çox yüksək qiymət ödəyəcək.
ABŞ lideri özünün ˝Truth Social˝ hesabında yazıb ki, cərimə tədbirləri tamamilə ləğv ediləcək və Avropa ölkələrinə uyğun vaxtda əhəmiyyətli idxal rüsumları tətbiq oluna bilər.
Tramp iddia edib ki, Aİ ABŞ-nin yüksək texnologiyalı şirkətlərinə qarşı son dərəcə ayrı-seçkilik siyasəti həyata keçirir. Onun sözlərinə görə, bu yanaşma əvvəlki prezident Co Baydenin hakimiyyəti dövründə başlayıb, lakin hazırkı administrasiya belə siyasətlə barışmayacaq.
ABŞ-nin ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qrir də Aİ-nin Google-a qarşı addımlarını tənqid edərək, bunu Vaşinqton və Brüssel arasındakı ticarət münasibətlərində transatlantik sabitlik üçün real təhlükə adlandırıb.
Avropa Komissiyası isə bildirib ki, Google-a tətbiq olunan cərimə şirkətin axtarış nəticələrində öz xidmətlərinə əsassız üstünlük verməsi və Google Play platformasında tətbiq tərtibatçılarına süni məhdudiyyətlər yaratması ilə bağlı araşdırmanın nəticəsidir.
Qeyd edək ki, Aİ daha əvvəl də ABŞ şirkətləri Apple, Meta və Amazon barədə böyük məbləğli cərimə qərarları qəbul edib.
23:42 24.07.2026
Oxunuş sayı: 60