Ermənistanda müxalifət lideri Andranik Tevanyanın həbsi uzadılıb
Ermənistan məhkəməsi müxalifətdəki “Ana Ermənistan” Partiyasının lideri Andranik Tevanyanın həbs müddətini daha iki ay uzadıb.
Crossmedia.az xəbər verir ki, "Armenpress" bu barədə siyasətçinin vəkilinə istinadən məlumat yayıb.
Məlumata görə, Ermənistan İstintaq Komitəsi mayın 21-də bildirib ki, deputat olduğu dövrdə xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilən A.T. 2024-cü ildə agent fəaliyyəti ilə məşğul olub.
İstintaqın iddiasına əsasən, Tevanyan həmin ilin aprel ayında parlamentdə keçirilən qapalı müzakirədən məxfi məlumatlar toplayaraq onları rus dilinə tərcümə edib və dövlət sirri təşkil edən bu məlumatları xarici tərəfə ötürüb. Bunun müqabilində onun 622 min ABŞ dolları aldığı iddia edilir.
Faktla bağlı cinayət işi başlanılıb.
Qeyd olunur ki, İstintaq Komitəsi bu cinayət işi barədə Ermənistanın Baş naziri Nikol Paşinyanın seçkiqabağı mitinqdə Milli Təhlükəsizlik Xidmətinin Tevanyanla bağlı ehtimal olunan cinayət barədə materialları İstintaq Komitəsinə göndərəcəyini bəyan etməsindən bir gün sonra məlumat yayıb.
09:38 23.07.2026
Oxunuş sayı: 47