Deyzi Kuper Britaniyanın iqtisadi artımı üçün Aİ ilə daha sıx əməkdaşlığa çağırıb
Böyük Britaniyanın Liberal Demokratlar Partiyasının lider müavini Deyzi Kuper ölkədə iqtisadi artımın bürokratik maneələr səbəbindən zəiflədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, BBC bu barədə məlumat yayıb.
Kuper partiyanın Braytonda keçirilən konfransında biznes qarşısındakı maneələrin aradan qaldırılmasını nəzərdə tutan 30 səhifəlik iqtisadi artım planını təqdim edib. O bildirib ki, Britaniyada yaradılan bir çox startap və aparılan elmi araşdırmalar sonradan xaricə yönəlir.
Siyasətçi biznes və investorlar üçün vergi, tənzimləmə, hüquqi məsələlər və digər xidmətləri birləşdirən vahid rəqəmsal platformanın yaradılmasını təklif edib. Onun sözlərinə görə, bu addım bürokratik prosedurları azaltmağa və kiçik və orta biznesin inkişafına kömək edə bilər.
Kuper həmçinin Avropa İttifaqı ilə yeni “Artım və Müdafiə Tərəfdaşlığı”nın yaradılmasını təklif edib. O, bu əməkdaşlığın Britaniyanın Aİ-dən çıxmasının iqtisadi nəticələrini azaltmağa kömək edə biləcəyini bildirib və “Brexit”in ölkəyə ildə 90 milyard funt sterlinq vergi itkisinə səbəb olduğunu iddia edib.
Liberal Demokratların təklifinə görə, Britaniya Aİ ilə vahid bazar, gömrük ittifaqı, müdafiə, texnologiya və istehsal sahələrində əlaqələri genişləndirməlidir.
17:02 20.09.2026
Oxunuş sayı: 52