"OpenAI"dən etiraf: Süni intellekt başqa AI şirkətinin sistemini sındırıb
"ChatGPT"ni hazırlayan "OpenAI" şirkəti bəzi süni intellekt modellərinin test zamanı nəzarətdən çıxaraq başqa bir AI şirkətinin sisteminə qanunsuz daxil olduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Şirkətin açıqlamasına görə, hadisə ictimaiyyətə təqdim edilməmiş ən yeni modellərin qapalı mühitdə sınağı zamanı baş verib. Modellər test məqsədlərinə çatmaq üçün məhdudiyyətləri aşaraq internetə çıxış əldə edib və açıq mənbəli süni intellekt platforması "Hugging Face" sisteminə daxil olublar.
"Hugging Face" ötən həftə yayımladığı açıqlamada bunun əvvəllər rast gəlinməyən kiberhücum olduğunu və bütün prosesin avtonom süni intellekt sistemi tərəfindən həyata keçirildiyini bildirmişdi.
"OpenAI" məsuliyyəti öz üzərinə götürərək hadisəni "müasir kiber imkanlarından istifadə edilən görünməmiş insident" adlandırıb. Şirkət bildirib ki, hücum növbəti nəsil GPT-5.6 Sol modeli və hələ təqdim edilməmiş daha güclü bir modelin iştirakı ilə həyata keçirilib.
Açıqlamada qeyd olunub ki, modellər test tapşırıqlarını yerinə yetirməyə həddindən artıq fokuslanaraq "Hugging Face" platformasını mümkün həll mənbəyi kimi müəyyən ediblər.
"OpenAI" insidentdən sonra təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini açıqlayıb. Şirkət eyni zamanda vurğulayıb ki, modellər "yüksək dərəcədə təcrid olunmuş mühitdən" çıxmağa nail olublar.
Hazırda "OpenAI" və "Hugging Face" hadisənin necə baş verdiyini müəyyənləşdirmək üçün birgə araşdırma aparır.
"Sky News" yazır ki, bu hadisə qabaqcıl süni intellekt modellərinin təhlükəsizliyi ilə bağlı narahatlıqları daha da artırıb. "Hugging Face" şirkətinin baş direktoru bildirib ki, süni intellekt təhlükəsizliyi problemi yalnız bir şirkətin qapalı şəkildə fəaliyyəti ilə həll oluna bilməz və bu sahədə beynəlxalq əməkdaşlıq vacibdir.
10:31 22.07.2026
Oxunuş sayı: 66