Elə bil dünən idi…
Elə bil dünən idi…
Asta addımlarla yaxınlaşan Həsən bəy Zərdabi əlində tutduğu “Əkinçi” qəzetini yuxarı qaldırıb fəxrlə bizə səslənir:
“Bu, sadəcə bir qəzet deyil… Bu, Millətin bağrında yandırılan həqiqət məşəlidir. Doğrunu axtaran, yanlışı üzə çıxaran, milləti oyadan vicdanın səsidir. Bu məşəl Vicdan məşəlidir!”
Elə bil dünən idi…
O məşəlin işığında millət özünü tanıdı, sözün müqəddəsliyini dərk etdi.
Elə bil dünən idi…
“Əkinçi”nin Həsən bəy Zərdabinin əlində nəfəs alması…
Səid Ünsizadənin ziyasının Qafqaza yayılması…
Dünən qədər bizə yaxındır…
Elə bil dünən idi…
İsmayıl bəy Qaspıralının “Dildə, fikirdə, işdə birlik!” sədasının bütün türk dünyasında əks-səda doğurması…
“Birləşin, bir olun!” deyə səslənişi…
Elə bil dünən idi…
Əhməd bəy Ağaoğlunun “İrşad” ilə məğrur yürüşü,
“Kəşkül” ün Tiflisdən bizə boylanması…
Elə bil dünən idi…
“Molla Nəsrəddin” təbəssümünün həm acılığı, həm də şirinliyi ilə cəmiyyətin yaralarına məlhəm olması…
Elə bil dünən idi…
Əli bəy Hüseynzadənin Turan məfkurəsini, milli kimliyi və əsaləti “Həyat” və “Füyuzat” vasitəsilə millətin ruhuna hopdurması…
Elə bil dünən idi…
Məhəmməd Hadinin millətinin imzasının imzalar içində bərq vurması üçün alışıb-yanması…
Elə bil dünən idi…
Ömər Faiq Nemanzadənin cəhalətə, zülmə və əsarətə qarşı ucalan harayı…
Elə bil dünən idi…
Cəlil Məmmədquluzadənin bir gülüşlə min dərdi anlatması,
Sabirin bir misra ilə bir dövrü mühakimə etməsi…
Elə bil dünən idi…
Üzeyir bəy Hacıbəylinin qələmi ilə millətin ruhuna, vicdanına ümid yazması…
Elə bil dünən idi…
Məhəmməd Əmin Rəsulzadənin “Açıq Söz” səhifələrindən istiqlalı hayqırması…
Elə bil dünən idi…
Mürəkkəbi bitsə də, “Qələmini qanına batır, yaz!” deyən kişilərin varlığı…
Çünki onlar bilirdilər ki, mürəkkəb tükənər, söz tükənməz; kağız yanıb yox olar, amma həqiqət yanmaz.
Elə bil dünən idi…
Qələmin vəzifə üçün deyil, vicdan üçün tutulduğu günlər…
Sözün satılmadığı, həqiqətin susmadığı zamanlar…
Dünənini unudanlara yazıqlar olsun…
əzetin matəmində əyləşənlərə yazıqlar olsun…
Milli mətbuatın çırağını söndürmək istəyənlərə yazıqlar olsun…
Qələmi vicdanından ayıranlara yazıqlar olsun…
Sözü mənfəətə dəyişənlərə yazıqlar olsun…
Çünki Həsən bəyin yandırdığı o məşəl bu gün də yanır.
O, sadəcə bir qəzetin deyil, bir millətin vicdanının məşəlidir.
Bu, uzaq keçmiş deyil…
Anlayan üçün bu gün, duyan üçün sabahdır.

Mübariz Yunus
08:28 22.07.2026
Oxunuş sayı: 80