Biz yaşamırıq, sadəcə sağ qalmağa çalışırıq – Krım sakinləri
Ukraynanın Krıma endirdiyi zərbələr fonunda yarımadada gündəlik həyatın çətinləşdiyi iddia olunur.
Crossmedia.az xəbər verir ki, “The Guardian” qəzetinin yazdığına görə, yaz aylarında davam edən pilotsuz uçuş aparatları və raket hücumlarından sonra rusiyalı turistlər qonaq evlərində rezervasiyalarını ləğv etməyə başlayıblar.
Nəşrin məlumatına əsasən, daha sonra yanacaq çatışmazlığı yaranıb və bu, müəssisələrin ərzaq və digər zəruri məhsullarla təminatını çətinləşdirib. Hazırda isə Krımın bəzi yaşayış məntəqələrində günün böyük hissəsində elektrik enerjisi və su təchizatında fasilələr yaşandığı bildirilir.
Krım sakinləri “The Guardian”a bildiriblər ki, həm Rusiya tərəfindən təyin olunan yerli hakimiyyət orqanlarından, həm də yarımadanı qoruyacağını vəd edən Kreml rəhbərliyindən narazıdırlar.
“12 il ərzində bizə deyirdilər ki, Krım 100 faiz qorunur. Amma bir ay ərzində sanki daş dövrünə qayıtdıq – nə elektrik var, nə su, nə də yanacaq”, – deyə Marina adlı yerli sakin bildirib.
Qəzet qeyd edir ki, bu ilin əvvəlindən Ukrayna Krıma qarşı uzunmüddətli hava əməliyyatını gücləndirib. Hücumların həm yarımadanın özünü, həm də onu Rusiya ilə birləşdirən quru və dəniz nəqliyyat yollarını hədəf aldığı bildirilir.
Məlumata görə, Krımın təxminən 2,5 milyon sakininin 70 faizindən çoxu müxtəlif formada elektrik enerjisi kəsintiləri ilə üzləşib. Bir çox insanın artıq bir neçə gündür elektrik və su olmadan qaldığı iddia olunur.
“Biz yaşamırıq, sadəcə sağ qalmağa çalışırıq”, – deyə sakinlərdən biri bildirib.
Krımda yaşayan Aleksey adlı restoran sahibi isə turistlərin azalması səbəbindən bu yay biznesinin demək olar ki, boş qaldığını deyib. Onun sözlərinə görə, məhsul çatışmazlığı və nəqliyyat problemləri təzə ərzaq əldə etməyi çətinləşdirib.
“Hakimiyyət daim Krımın hər şeyə hazır olduğunu deyirdi. Amma məlum oldu ki, ən pis ssenariyə hazırlaşmayıblar. İnsanlar yanacağın dalınca Aclıq oyunları filmindəki kimi qaçırlar”, – deyə o bildirib.
“The Guardian” yazır ki, bəzi sakinlər təhlükəsizlik səbəbilə adlarının açıqlanmamasını istəyiblər. Nəşrin məlumatına görə, Krımda Rusiyanın ən sərt nəzarət mexanizmlərindən biri fəaliyyət göstərir və bu səbəbdən insanlar açıq danışmaqdan çəkinirlər.
Bununla belə, Rusiya rəsmilərinin sosial şəbəkələrdəki paylaşımlarının altında Krım sakinlərinin kömək çağırışları artır. İnsanlar yaxınları ilə əlaqə saxlaya bilmədiklərini, ərzaq almaqda və uzunmüddətli elektrik kəsintiləri ilə mübarizədə çətinlik çəkdiklərini yazırlar.
Sakinlərin sözlərinə görə, “Telegram” qruplarında insanlar yanacağın haraya gətirildiyi, növbələrin harada daha qısa olduğu və hansı ərazilərdə hələ də elektrik və suyun olduğu barədə məlumat paylaşırlar.
Krım Rusiyanın hərbi baxımdan əsas bölgələrindən biridir
“The Guardian” xatırladır ki, Krım 2022-ci ildə Rusiyanın Ukraynanın cənub istiqamətində hücumlarının əsas başlanğıc nöqtələrindən biri olub. Tammiqyaslı müharibənin başlamasından sonra yarımadanın hərbi infrastrukturu hava zərbələri və döyüş əməliyyatlarının təminatı üçün istifadə edilir.
Nəşr qeyd edir ki, Krımın ilhaqı Rusiya Prezidenti Vladimir Putinin reytinqinin yüksəlməsinə səbəb olub. Uzun illər ərzində Krımın geri qaytarılması ilə bağlı tədbirlər Rusiyanın hərbi gücünün nümayişi kimi təqdim edilib.
Xarici Siyasət Araşdırmaları İnstitutunun hərbi analitiki Rob Li bildirib ki, Ukrayna Krıma zərbələr endirməklə gələcək sülh danışıqlarında mövqelərini gücləndirməyə çalışır.
Onun sözlərinə görə, Ukraynanın danışıqlarda təsir imkanları əvvəlkindən daha çoxdur, çünki indi yarımadadakı demək olar ki, istənilən hədəfə zərbə endirmək imkanına malikdir.
Qeyd olunur ki, Ukrayna əsas diqqəti Krımın təminatında istifadə olunan nəqliyyat marşrutlarına yönəldib. Bunların arasında yarımadanı Rusiyanın Rostov vilayəti ilə birləşdirən və işğal olunmuş Melitopol və Mariupoldan keçən Novorossiya magistralı da var.
Fransız OSINT analitiki Klement Molenin təsdiqlənmiş video görüntülərin təhlilinə əsaslanan məlumatına görə, iyulun ilk həftəsində Ukrayna qüvvələri 240-dan çox Rusiya hərbi yük maşınına zərbə endirib.
Bundan əlavə, Ukraynanın Azov dənizində Rusiya gəmiçiliyinə qarşı əməliyyatları gücləndirdiyi bildirilir. Ukrayna hərbçilərinin açıqlamasına görə, son həftə ərzində işğal olunmuş Krımın təminatında istifadə edilən 90 gəmiyə zərbə endirilib.
Krım sakinləri gündə 16 saat əlaqəsiz qala bilər
Ukrayna Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin məlumatına görə, Krımda yerli hakimiyyət nəzarəti daha da sərtləşdirir və indi mobil rabitə ilə internet də məhdudlaşdırılır.
Mərkəzin məlumatına əsasən, bəzi yaşayış məntəqələrində internet və mobil rabitə yalnız günün bir neçə saatı işləyə bilər.
Bildirilir ki, Canköy sakinləri sutkada yalnız 8 saat mobil rabitə və internetdən istifadə edə biləcəklər, qalan vaxtda isə şəbəkə tamamilə söndürüləcək.
23:22 21.07.2026
Oxunuş sayı: 66