Hindistanda dini mərasim zamanı öküz izdihama hücum etdi
Hindistanın Haridvar şəhərində dini mərasim zamanı iri öküz izdihamın üzərinə şığıyaraq insanlar arasında panikaya səbəb olub. Rəsmilərin məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Crossmedia.az xəbər verir ki, “NDTV” bu barədə məlumat yayıb.
Hadisə zamanı çəkilən görüntülərdə öküzün insanlara tərəf qaçdığı, mərasim iştirakçılarının isə təşviş içində müxtəlif istiqamətlərə dağıldığı görünür. Bir müddət sonra heyvanın yenidən izdihama hücum etməyə hazırlaşdığı müşahidə olunur.
Yerli sakinlərin sözlərinə görə, sahibsiz mal-qaranın yaratdığı problemlə bağlı dəfələrlə şikayət edilsə də, hakimiyyət orqanları təsirli tədbirlər görməyib.
Hadisə Haridvarın əsas dini məkanlarından biri olan Har-Ki-Pauridə, Qanq çayı sahilində keçirilən Qanqa Aarati mərasimi zamanı baş verib. Hər gün çoxsaylı zəvvarları cəlb edən mərasim, xüsusilə axşam saatlarında böyük izdiham yaradır.
Polis və rayon administrasiyası hadisə ilə bağlı hələlik açıqlama verməyib.
İnsident Hindistanda insanların sıx toplaşdığı ictimai və dini məkanlarda sahibsiz heyvanlara nəzarət məsələsini yenidən gündəmə gətirib. Zəvvarların fikrincə, belə hallarda heyvanın qəfil hücumu birbaşa xəsarət olmasa belə, izdihamda basabas yaranması riskini artırır.
18:57 21.10.2026
Oxunuş sayı: 55