Tramp: Rusiyaya sanksiya tələb edənlər məndən üzr istədilər
ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı dərhal sanksiyaların tətbiqini tələb edən bir çox şəxsin sonradan ona zəng edərək üzr istədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
ABŞ liderinin sözlərinə görə, həmin şəxslər onun Rusiyada həbsdə saxlanılan amerikalı Stiven Habbardın azadlığa buraxılması üçün danışıqlar apardığından xəbərsiz olublar.
“Rusiyaya qarşı dərhal sanksiyalar tətbiq edilməsini tələb edən bir çox insan mənə zəng edərək üzr istəyib. Onlar Stiven Habbardın azad edilməsi üçün danışıqlar apardığımı bilmirdilər. Bu, ABŞ üçün həqiqətən böyük və mühüm razılaşmadır”, – deyə Tramp bildirib.
O, sanksiyaların tətbiq olunacağı təqdirdə danışıqların tamamilə dayanacağını iddia edib.
Qeyd edək ki, oktyabrın 21-də Rusiya dörd ildən artıq həbsdə saxlanılan ABŞ vətəndaşı Stiven Habbardı azadlığa buraxıb. Tramp bunun müqabilində Vaşinqtonun Moskvaya heç bir güzəştə getmədiyini və məhbus mübadiləsinin aparılmadığını açıqlayıb.
Xatırladaq ki, ABŞ Prezidenti oktyabrın 16-da imzaladığı fərmanla senator Lindsi Qrehemin təşəbbüsü ilə qəbul edilmiş qanun çərçivəsində Rusiyaya qarşı nəzərdə tutulan əlavə sanksiyaların tətbiqindən imtina edib. Qərar ABŞ-nin milli maraqları ilə əsaslandırılıb.
16:52 21.10.2026
Oxunuş sayı: 49