Kağız əskinazlar ləğv edilir - Əvəzində isə...
Dünyanın ən zəngin iş adamlarından biri İlon Mask gələcəkdə ənənəvi pulun sıradan çıxacağını, dəyərin enerji (vatt) ilə ölçüləcəyini və süni intellektin inkişafı fonunda universal gəlir modelinə keçiləcəyini iddia edib. Əsrlər boyu dəyər ölçüsü və mübadilə vasitəsi kimi istifadə olunan fiziki pullar, metal sikkələr və kağız əskinaslar rəqəmsallaşma dövründə tədricən öz yerini rəqəmsal kodlara və elektron aktivlərə verir. İqtisadiyyatda dəyər anlayışının dəyişməsi gələcəkdə pul vahidlərinin daha ciddi transformasiyaya uğrayacağını göstərir.
Mövzu ilə bağlı iqtisadçı ekspert Eyyub Kərimli Crossmedia.az-a açıqlama verib.

Ekspert bildirib ki, pulun mahiyyəti onun fiziki formasında deyil, arxasında duran dəyərdə müəyyən olunur:
"Əslində "pul" məfhumu hər şey ola bilər: keçmiş dövrlərdə olduğu kimi taxta, dəmir, daş və s. Pul sadəcə mübadilə vahididir və hər bir mübadilə vahidinin arxasında dəyər yaradan bir əmtəə durur. Bu gün pulun əsas dəyərini yaradan onun arxasında duran əmtəə və əsasən də qızıl sayılır. Hər bir pulun dəyərini ona sərf olunan zəhmət və məhsul müəyyən edir. Hesab edirəm ki, İlon Maskın bu mövzuya yanaşması doğrudur. Vaxt gələcək biz fiziki formada öyrəşdiyimiz kağız pulları deyil, rəqəmsal sistemləri görəcəyik. Əslində biz artıq bunu yaşayırıq; bank hesablarımızda gördüyümüz rəqəmlər bizim pulumuzu təşkil edir".
E.Kərimli gələcəkdə pulun hansı resurslarla ölçülə biləcəyini və rəqəmsal aktivlərin rolunu vurğulayıb:
"Əlbəttə ki, gələcəkdə həmin əmtəə enerji ilə, neftlə, su ilə , bir sözlə, hansı resurs dəyərlidirsə onunla ölçülə bilər və düşünürəm ki, bu tamamilə realdır. Bu baxımdan gələcəkdə pul vahidlərinin ciddi transformasiyasını yaşayacağıq. Bu gün görürük ki, kriptovalyutalar ödəniş və mübadilə vasitəsi kimi daha ciddi yer tutur. Hərçənd ki, kriptovalyuta da müəyyən rəqəmsal kodlar yığınıdır. Bütün bu transformasiyalar labüddür və təbiidir, insanlar bu dəyişiklikləri normal qarşılamalıdırlar".
Fatimə Cabbarlı
19:00 21.10.2026
Oxunuş sayı: 55