Riyadda diplomatlara səfirlikləri tərk etməmək tapşırıldı
Səudiyyə Ərəbistanının paytaxtı Riyadda güclü partlayış səsi eşidilib. Hadisənin səbəbi hələlik məlum deyil və rəsmi qurumlar partlayışla bağlı açıqlama verməyib.
Crossmedia.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Şahidlərin sözlərinə görə, şəhərdə səbəbi bilinməyən güclü partlayış səsi eşidilib. Hadisədən sonra diplomatlara səfirliklərini tərk etməmələri barədə göstəriş verilib.
Riyad sakinləri şəhərdə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildiriblər. Bir sıra beynəlxalq məktəblərdə də əlavə təhlükəsizlik tədbirləri görülüb. Ən azı bir məktəbdə təhlükəsizlik məqsədilə uşaqlar zirzəmiyə endirilib.
AFP-yə danışan diplomatların bildirdiyinə görə, Riyaddakı səfirliklərin əməkdaşlarına binaları tərk etməmək tapşırılıb.
Paytaxtın Kral Abdullah Maliyyə Bölgəsində fəaliyyət göstərən bəzi şirkətlərin isə ehtiyat tədbiri olaraq əməkdaşlarını ərazidən təxliyə etdiyi bildirilib.
Qeyd olunur ki, partlayış səsləri Yaxın Şərqdə müharibənin başlamasından sonra bölgədə baş verən ən ciddi hadisələrdən birinin ardından eşidilib.
Partlayışın səbəbi və mümkün itkilərlə bağlı Səudiyyə Ərəbistanının rəsmi qurumlarından hələlik məlumat verilməyib.
18:06 21.10.2026
Oxunuş sayı: 51