Ailəsindən pul almaq üçün öz oğurlanmasını səhnələşdirdi
Braziliyada bir kişi narkotik almaq üçün yaranmış borcunu ödəmək məqsədilə özünü qaçırılmış kimi göstərərək ailəsindən pul tələb edib.
Crossmedia.az xəbər verir ki, “UOL” bu barədə məlumat yayıb.
Kişinin yaxınları oktyabrın 12-də onun itkin düşdüyünü bildirərək polisə müraciət ediblər. Onların sözlərinə görə, sosial şəbəkələr vasitəsilə təhdidlər və pul tələbləri olan mesajlar, eləcə də guya qaçırılmış şəxsin görüntülərini əks etdirən qorxuducu fotolar və audioyazılar göndərilib.
Yazışmaları, fotoları və müşahidə kameralarının görüntülərini araşdıran polis kişinin Dourados şəhərindəki motellərdən birində ola biləcəyindən şübhələnib. Əraziyə gələn əməkdaşlar onu bir neçə gündür qaldığı otaqda tək tapıblar. Otaqda boş butulkalar olub, kişi isə narkotik qəbul etdiyini etiraf edib.
Polislərlə söhbət zamanı o, əslində heç bir qaçırılma hadisəsinin baş vermədiyini də bildirib. Kişinin sözlərinə görə, narkotik aldığı şəxslərə borclandığı üçün ailəsindən pul əldə etmək məqsədilə bu ssenarini qurub.
İstintaq zamanı, polis versiyasına əsasən, kişini narkotiklə təmin edən və uydurma qaçırılma hekayəsi əsasında pul tələb edilməsində iştirak edən digər şübhəlinin də kimliyi müəyyənləşdirilib. Həmin şəxs axtarışda olan kişi ilə birlikdə saxlanılıb.
21:27 21.10.2026
Oxunuş sayı: 58