Sırskinin istefasına siyasi böhran səbəb olub
Ukraynada Silahlı Qüvvələrin baş komandanı Aleksandr Sırskinin vəzifədən uzaqlaşdırılması ölkədə yaranmış siyasi böhran və ictimai narazılıq fonunda baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" məlumat yayıb.
Nəşrin yazdığına görə, Prezident Volodimir Zelenski Sırskinin yerinə Mixail Drapatını təyin edib. Məqalədə bildirilir ki, bu qərardan əvvəl müdafiə naziri Mixail Fedorovun hökumətdə qalmaq üçün əsas şərtlərindən biri Sırski və Baş Qərargah rəisi Andrey Qnatovun istefası olub.
Nəşrin iddiasına görə, Kiyevdə keçirilən və "karton Maydan" adlandırılan etiraz aksiyalarında da Fedorovun vəzifədə saxlanılması və Sırskinin istefası tələbləri səsləndirilib. Bildirilir ki, hakimiyyətə təzyiq Qərbdən deyil, cəmiyyət tərəfindən göstərilib.
"RBK-Ukrayna"nın məlumatına əsasən, Zelenski yeni baş komandanın seçilməsi üçün bir neçə yüksək rütbəli hərbçi ilə görüş keçirib. Namizədlər arasında Mixail Drapatı ilə yanaşı, Oleq Apostolun da adı çəkilib.
Nəşr qeyd edir ki, orduda bu dəyişikliklərə münasibət birmənalı deyil. Bəzi hərbçilər kadr yenilənməsini dəstəkləsələr də, digərləri baş komandanın ictimai təzyiq fonunda dəyişdirilməsinin və mümkün yeni kadr dəyişikliklərinin Ukrayna Silahlı Qüvvələrində sabitliyi poza biləcəyindən narahatdırlar.
10:26 22.07.2026
Oxunuş sayı: 54