Ekspert: Ukrayna səfərbər olunmuş qoşunların sayını 20-30% artırmalıdır
Ukraynanın mümkün Rusiya hücumlarının qarşısını almaq üçün səfərbər olunanların sayını 20–30 faiz artırması zəruridir. Crossmedia.az xəbər verir ki, bu fikri ehtiyatda olan mayor və hərbi icmalçı Aleksey Getman “Kiyev 24” telekanalının efirində səsləndirib.
Onun sözlərinə görə, Ukraynanın yeni briqadalar və korpuslar formalaşdırması vacibdir.
“Bizə şəxsi heyət çatmaya bilər. Düşmənin təzyiq göstərə biləcəyi cəbhə sahələrini qorumaq üçün yeni briqadalar və korpuslar yaratmalıyıq”, – deyə Getman bildirib.
Hərbi icmalçı qeyd edib ki, təhlükə əsasən şərq və cənub istiqamətlərindən gözlənilsə də, şimal istiqaməti də istisna edilmir.
“Mümkündür ki, hücum Belarus və ya Bryansk vilayəti istiqamətindən olsun. Ümumilikdə beş mümkün ssenari var”, – o əlavə edib.
Getmanın sözlərinə görə, Rusiya hazırda beş yeni diviziya və yeddi briqada formalaşdırır. O bildirib ki, hazırda cəbhə xəttində Rusiyanın təxminən 722 min hərbçisi var və itkilərə baxmayaraq, bu göstərici mart ayı ilə müqayisədə təxminən 10 min nəfər artıb.
Rusiyada payızadək daha 500 min nəfərin səfərbər olunacağı barədə məlumatları şərh edən ekspert bunun vaxt amilindən asılı olduğunu deyib.
“500 min nəfər bir ay ərzində də toplana bilər, bir il ərzində də. Onlar onsuz da ildə təxminən 400–450 min nəfəri cəlb edə bilirlər”, – deyə Getman bildirib.
O hesab edir ki, Rusiya yeni diviziyalar və briqadalar yaratmaq, həmçinin qoşunların bir hissəsini Zaporojye istiqamətindən şimala köçürmək niyyətindədirsə, Ukrayna buna cavab olaraq daha 7–10 yeni briqada formalaşdırmalıdır.
Getmanın fikrincə, bunun üçün Ukraynada səfərbər olunanların sayı 20–30 faiz artırılmalıdır. Onun sözlərinə görə, bu, yeni briqadaların yaradılmasına, cəbhənin zəruri sahələrinin möhkəmləndirilməsinə, həmçinin döyüşdə olan bölmələrin rotasiyasına və gücləndirilməsinə imkan verəcək.
Daha əvvəl Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko Rusiyanın payızda 500 min nəfərlik səfərbərlik planı hazırladığını iddia etmişdi. Onun sözlərinə görə, həmin şəxslərin bir hissəsinin cəbhənin şərq istiqamətinə göndərilməsi, qalanlarının isə yeni cəbhə istiqamətinin açılması üçün hazırlanması nəzərdə tutulur.
23:46 21.07.2026
Oxunuş sayı: 63