Vüqar Rəhimzadə: Prezident İlham Əliyevin Almaniyaya səfəri ikitərəfli əlaqələrdə yeni perspektivlər açacaq
Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri Avropa ölkələri ilə sıx əməkdaşlıqdır. Bu istiqamətdə atılan addımların miqyasını təsəvvür etmək üçün təkcə bu ay ərzində qarşılıqlı səfərlərin dinamikasına diqqət yetirmək kifayətdir. Azərbaycanın Avropa İttifaqı, həmçinin quruma üzv ölkələrlə əlaqələrinin yüksələn xətlə inkişafı bugünkü reallıqlarda özünün aydın ifadəsini tapır. İyul ayının əvvəlində Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Azərbaycanda səfərdə oldu. Onun ardınca Slovakiya Prezidenti Peter Pelleqrini ölkəmizə rəsmi səfər etdi. Hər bir səfər Azərbaycanla Avropa təsisatları, ölkələri arasında əlaqələrin möhkəm təməl üzərində yeni istiqamətlər üzrə inkişafını nümayiş etdirdi. Bunların ardınca dövlətimizin başçısı İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən olan müxtəlif dövlətlərlə ikitərəfli əlaqələrinin dünəninə və bugününə baxış əsasında gələcək hədəflərə qısa nəzər salmağı bir zərurətə çevirir. Ümumilikdə hər bir səfər münasibətlərdə yeni bir mərhələnin başlanğıcıdır.
Azərbaycan və Almaniyanın dövlət başçılarının qarşılıqlı səfərləri hər zaman intensivliyi ilə diqqətdə olub. Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Prezident İlham Əliyevin 2024-cü ilin aprelində Almaniyaya uğurlu səfəri, həmçinin Azərbaycan dövlətinin başçısının ənənəvi olaraq Münxen Təhlükəsizlik Konfransında iştirakı siyasi dialoqun daimi xarakter daşıdığını göstərir. İkitərəfli münasibətlərdə dərin qarşılıqlı etimadın ən bariz nümunələrindən biri kimi Almaniyanın Federal Prezidenti Frank-Valter Ştaynmayerin 2025-ci ilin aprelində Bakıya reallaşan səfəri xüsusi əhəmiyyət daşıyır. Bu ardıcıllıq göstərir ki, Berlin regional sabitlik və qlobal layihələrdə Bakını əvəzedilməz tərəfdaş kimi qəbul edir.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Crossmedia.az -a açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələr rəsmi Berlin tərəfindən yüksək dəyərləndirilir. Azərbaycan qazının Almaniya bazarına daxil olması Bakı-Berlin münasibətlərində keyfiyyətcə yeni mərhələ yaradıb. Belə bir statistik rəqəmi qeyd etmək kifayətdir ki, hazırda Azərbaycan 16 ölkəyə təbii qaz tədarük edir. Onlardan 14-ü Avropa dövlətidir və bu il Avstriya ilə Almaniya da həmin ölkələr sırasına qoşulub. Dövlət başçısı İlham Əliyev bu günlərdə IV Şuşa Qlobal Media Forumunda bu iki ölkənin Azərbaycan üçün nə baxımdan xüsusi əhəmiyyət kəsb etdiyini, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin gələcək inkişafını necə gördüyünü açıqlayarkən bildirdi ki, bu ildən etibarən Almaniya və Avstriyaya qaz ixracına başlamışıq. Bu, qlobal, xüsusilə də Avropa qaz bazarında mövqeyimizi genişləndirməyə yönəlmiş ümumi strategiyamızın tərkib hissəsidir. Avropa bazarı yüksək qiymətlərin formalaşdığı, bizim üçün premium hesab edilən bazardır. Buna görə də ixrac imkanlarımızı daha da genişləndirməkdə olduqca maraqlıyıq. Bəli, hazırda biz boru kəmərləri vasitəsilə 16 ölkəyə qaz tədarük edirik və boru kəməri ilə qaz ixracının coğrafi əhatəsinə görə dünyada birinci yerdəyik. Bu, son deyil, qarşıda əlavə imkanlar var. Hazırda Avropa İttifaqının bəzi üzv dövlətləri ilə həm yeni qaz tədarükünə başlamaq, həm də mövcud tədarük həcmlərinin artırılması istiqamətində danışıqlar aparırıq. Beləliklə, bizə hər iki istiqamətdə müraciətlər var. Bugünkü enerji bazarında etibarlı, proqnozlaşdırılabilən və alternativ mənbə olan Azərbaycanın qazı, yəqin ki, on il əvvəlkindən daha böyük əhəmiyyət kəsb edir. Bizim hasilatı və ixracı artırmaq üçün kifayət qədər potensialımız var.
Vüqar Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyevin Almaniyaya səfəri etibarlı tərəfdaşlığın hərtərəfli və yüksələn xətlə inkişafının əyani göstəricisidir. Əminliklə söyləmək olar ki, bu səfər bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasında əhəmiyyətli rol oynayacaq, gələcək inkişaf üçün böyük perspektivlər açacaq. Ölkələr arasında əlaqələrin inkişafında qarşılıqlı etimad mühitinin qorunması, möhkəmləndirilməsi, iqtisadi amil mühüm rol oynayır. Bütün bu amillər Azərbaycan-Almaniya münasibətlərində özünü nümayiş etdirir. Avropa İttifaqının ən böyük iqtisadiyyatı və sənaye lokomotivi olan Almaniya üçün enerji mənbələrinin şaxələndirilməsi, təchizat zəncirlərinin dayanıqlığı və Mərkəzi Asiya bazarlarına çıxış strateji prioritetlər sırasındadır. Bu baxımdan Azərbaycan Berlin üçün yalnız enerji tərəfdaşı deyil, həm də Avropa ilə Asiya arasında formalaşan yeni geoiqtisadi bağlantıların əsas ölkələrindən biridir. Müasir geosiyasətdə boru kəmərləri qədər nəqliyyat dəhlizləri, limanlar, dəmir yolları və rəqəmsal kommunikasiya xətləri də dövlətlərin geoiqtisadi gücünü müəyyən edən əsas amillərə çevrilib. Orta Dəhliz Avropa ilə Mərkəzi Asiyanı birləşdirən ən etibarlı və perspektivli marşrut kimi ön plana çıxıb. Almaniya kimi ixracyönümlü iqtisadiyyat üçün Orta Dəhliz xüsusi strateji əhəmiyyət daşıyır. Bu marşrut Almaniya sənayesinə Mərkəzi Asiya bazarlarına daha etibarlı çıxış və qlobal təchizat zəncirlərinin dayanıqlılığının artırılması baxımından yeni imkanlar yaradır.
Millət vəkili bildirib ki, səfər çərçivəsində Azərbaycan və Almaniya prezidentlərinin təkbətək və geniş tərkibdə görüşlərində bir daha iki ölkənin əlaqələrinin dünəninə nəzər salınaraq perspektivlər açıqlandı. Frank-Valter Ştaynmayer dünyada və regionda cərəyan edən hadisələr fonunda Azərbaycanı və Almaniyanı sabitlik adası kimi xarakterizə etdi. Azərbaycan-Ermənistan sülh gündəliyində əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini çatdıran Almaniya Prezidenti Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu xüsusi qeyd etdi. Söhbət zamanı Azərbaycan ilə Almaniya arasında münasibətlərin dostluq xarakteri daşıdığı, iqtisadi və biznes əlaqələrinin inkişafı üçün geniş imkanların olduğu bildirildi, Prezident İlham Əliyevin Almaniyaya bu səfərinin ikitərəfli əməkdaşlığın inkişafına ciddi təkan verəcəyinə əminlik ifadə olundu.
Prezident İlham Əliyevin səfər çərçivəsində keçirdiyi görüşlər də münasibətlərimizin hazırkı inkişaf səviyyəsinin təqdimatında mühüm rol oynayır. Belə ki, dövlət başçısı İlham Əliyev Berlində Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşdü. Görüşdə Azərbaycan və alman iş adamlarının, həmçinin şirkətlərinin birgə fəaliyyətə marağının artdığı vurğulanaraq, bu cür fəaliyyətin institutlaşdırılması yolları müzakirə edildi. Ənənəvi və alternativ energetika üzrə mövcud potensial, Orta Dəhliz daxil olmaqla bağlantı, nəqliyyat və logistika sahələrində imkanlar barədə fikir mübadiləsi aparıldı. Azərbaycanda kənd təsərrüfatı ilə bağlı Dövlət Proqramının qəbul olunduğu xatırlanaraq, Almaniyanın bu sahədə aparıcı texnologiyalarının ölkəmizdə tətbiqi imkanlarına toxunuldu, o cümlədən "ağıllı kənd təsərrüfatı" istiqamətində əməkdaşlığın perspektivləri qeyd edildi. Ölkəmizin turizm imkanlarına da xüsusi diqqət yönəldildi.
Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts ilə təkbətək və geniş tərkibdə görüşü keçirildi. Azərbaycan Prezidenti İlham Əliyevin və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts ilə birgə keçirdikləri mətbuat konfransında səsləndirdikləri fikirlər iki ölkənin münasibətlərinin aydın mənzərəsini yaratdı. Prezident İlham Əliyev bildirdi ki, bağlantılarla və tranzit imkanları ilə bağlı Almaniya–Azərbaycan əməkdaşlığının çox böyük əhəmiyyəti var, çünki Almaniyanın şirkətləri bu istiqamətdə çox böyük uğurlar əldə ediblər. Federal Kansler Fridrix Merts isə qeyd etdi ki, Almaniya Azərbaycanla münasibətlərin genişləndirilməsinə ciddi yanaşır.
Vüqar Rəhimzadə qeyd edib ki, hər bir səfərin əhəmiyyətini açıqlayan mühüm amillərdən biri təbii ki, sənədlərin imzalanmasıdır. Prezident İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”ni imzaladılar. Həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə imzalandı. İkitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə yalnız Azərbaycan ilə Almaniya arasında münasibətlərin inkişafını əks etdirən sənəd deyil. Bu, Azərbaycanın Avropanın aparıcı dövlətləri ilə qarşılıqlı etimada əsaslanan uzunmüddətli əməkdaşlıq siyasətinin yeni mərhələsini ifadə edir və ölkəmizin Avropanın siyasi, iqtisadi və enerji məkanında etibarlı, proqnozlaşdırılabilən, məsuliyyətli tərəfdaş statusunu daha da möhkəmləndirir. Sənəd, həmçinin Prezident İlham Əliyevin qlobal müstəvidə həyata keçirdiyi uğurlu xarici siyasətin geniş miqyasını və Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunu bir daha nümayiş etdirir. “Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə” iki ölkə arasında iqtisadi münasibətlərin yeni institusional mərhələyə keçidini - dövlət qurumları ilə özəl sektor arasında sistemli, davamlı və nəticəyönümlü dialoq mexanizmi formalaşdırır. Biznes Şurası iki ölkənin biznes dairələri arasında birbaşa əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi üçün platforma rolunu oynayacaq. Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts ilə birgə keçirdikləri mətbuat konfransında bildirdi ki, Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda öz təsirini artırmaqdadır. Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcək. Belə bir əminlik də ifadə edildi ki, bu gün imzalanmış sənədlər bizim əlaqələrimizi yeni səviyyəyə qaldıracaq. Biz artıq strateji dialoqun başlanmasını arzulayırdıq və buna nail olmuşuq.
19:33 21.07.2026
Oxunuş sayı: 55