Gənclər evliliyə "yox" deyir? – Ekspertdən diqqət çəkən şərh
Azərbaycanda əhalinin sayı artmaqda davam etsə də, nikahların sayında azalma müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı il iyunun 1-nə ölkə əhalisi 10 milyon 271 min 638 nəfərə çatıb. İlin ilk beş ayında isə 15 min 107 nikah və 8 min 87 boşanma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə həm nikahların, həm də boşanmaların sayı azalsa da, evlənmələrin azalması ailə institutunda müşahidə olunan dəyişiklikləri yenidən gündəmə gətirib.

Sosioloq Hüseyn İbrahimov Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycanda demoqrafik göstəricilər illər üzrə fərqli dinamika nümayiş etdirsə də, son dövrdə nikah və boşanma statistikalarında baş verən dəyişikliklər cəmiyyətdə ailə institutunun transformasiyasından xəbər verir.
Ekspert qeyd edib ki, gənclərin ailə qurmağa yanaşması əvvəlki dövrlərlə müqayisədə dəyişib:
"Əvvəllər ailələrin qurulmasında daha çox valideynlərin istəyi və qərarı ön planda idisə, indi gənclər şəxsi seçimlərinə üstünlük verirlər. Təhsil, karyera və peşə inkişafı ailə qurmaq qərarını gecikdirən əsas amillərdən biridir".
H.İbrahimov bildirib ki, bu dəyişikliklər ailə qurma yaşının yüksəlməsinə və nikahların sayına da təsir göstərir:
"Bu gün gənclər daha çox təhsilini və karyerasını formalaşdırmağa üstünlük verirlər. Bu da ailə qurma prosesinin daha gec yaşlarda baş verməsinə səbəb olur".
Sosioloqun fikrincə, yaxın qohumlar arasında nikahların qanunvericiliklə məhdudlaşdırılması da statistik göstəricilərə müəyyən təsir göstərən amillərdəndir:
"Bu qərar gələcək nəsillərin sağlamlığının qorunması baxımından olduqca vacib və düzgün addımdır. Əvvəllər xüsusilə regionlarda qohum nikahları geniş yayılmışdı. İndi isə bu hallar azaldığı üçün ümumi nikah statistikasına da təsir edir".
Ekspert hesab edir ki, boşanmaların sayındakı dəyişiklik təkcə maarifləndirmə ilə deyil, həm də nikahların ümumi sayının azalması ilə bağlıdır:
"Ailə institutu bütün dünyada transformasiya dövrünü yaşayır. Həyat tərzi, sosial münasibətlər, hüquqi və mədəni dəyərlər dəyişdikcə ailə modeli də yenilənir. Bu proses Azərbaycanda da müşahidə olunur".
H.İbrahimov vurğulayıb ki, inkişaf etmiş ölkələrdə də doğum və nikah göstəricilərinin azalması müşahidə edilir və bu, təkcə sosial problemlərlə bağlı deyil:
"Doğum səviyyəsinin azalması yalnız iqtisadi və sosial çətinliklərlə izah oluna bilməz. Burada ailə dəyərlərinin, həyat tərzinin və cəmiyyətin dəyişən prioritetlərinin də mühüm rolu var".
Sosioloqun sözlərinə görə, yaxın illərdə boşanmaların azalması, nikahların isə əvvəlki illərlə müqayisədə daha aşağı səviyyədə qalması tendensiyası davam edə bilər. O əlavə edib ki, dünyada nikahsız birgəyaşayış modellərinin yayılması da ailə institutuna təsir göstərən amillərdən biridir. Buna baxmayaraq, ekspert Azərbaycanda ailə institutunun inkişaf perspektivlərinə nikbin yanaşdığını bildirib.
Nigar Xəlilli
16:00 21.07.2026
Oxunuş sayı: 58