KİV: Ukraynadakı müharibə silah istehsalçılarını yeni yanaşmalara məcbur edir
Ukrayna ordusunu silahla təmin edən müdafiə şirkətləri sürətlə dəyişən döyüş şəraitinə uyğunlaşmaq üçün istehsal strategiyalarını yenidən qururlar.
Crossmedia.az xəbər verir ki, bu barədə “Business Insider” məlumat yayıb.
Nəşrin yazdığına görə, müharibənin dinamikası o qədər sürətlə dəyişir ki, döyüş texnologiyaları bir neçə həftə ərzində aktuallığını itirə bilir. Bu səbəbdən silah istehsalçıları həm məhsullarını daim təkmilləşdirməyə, həm də onları cəbhənin tələbatını ödəyəcək həcmdə istehsal etməyə çalışırlar.
Ukrayna-Estoniya birgə şirkəti Ark Robotics-in baş direktoru Li Açi bildirib ki, kütləvi istehsal zamanı məhsulun yenidən layihələndirilməsi istehsalı ləngidə və əlavə xərclər yarada bilər.
Onun sözlərinə görə, əsas məqsəd hazırkı və gələcək döyüş ehtiyaclarını düzgün qiymətləndirərək istehsalda balansı qorumaqdır.
Litvanın Granta Autonomy şirkətinin rəhbəri Gediminas Quoba da bildirib ki, istehsalçılar yalnız mövcud tələbləri deyil, gələcəkdə döyüş meydanında yaranacaq ehtiyacları da nəzərə almalıdırlar.
Məqalədə qeyd olunur ki, bir çox şirkət silah sistemlərini modul prinsipi ilə hazırlayır. Bu yanaşma əsas platformanı dəyişmədən proqram təminatını, zirehi və digər komponentləri tez bir zamanda yeniləməyə imkan verir.
Bundan başqa, Ukraynanın Frontline Robotics şirkəti bəzi məhsulların istehsalında tam avtomatlaşdırma əvəzinə əl yığımından istifadə edir. Şirkətin biznesin inkişafı üzrə direktoru Nikolay Rojkov bildirib ki, bu üsul məhsullara tez-tez dəyişiklik etməyi asanlaşdırır.
“Business Insider” vurğulayır ki, Ukraynadakı müharibə müdafiə sənayesini daha çevik istehsal modelinə keçməyə vadar edir və silah istehsalçıları məhsullarını döyüş meydanında əldə olunan təcrübəyə uyğun olaraq davamlı şəkildə yeniləyirlər.
23:38 21.07.2026
Oxunuş sayı: 57