ABŞ-nin İranı diz çökdürmək planı alınmadı - gizli hesabatı ortaya çıxıb
ABŞ kəşfiyyatının yeni analitik hesabatına görə, İrana qarşı davam edən və ya yeni hərbi zərbə dalğaları Tehranın mövqeyini yumşaltmasına və danışıqlarda güzəştə getməsinə böyük ehtimalla səbəb olmayacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə “Washington Post” yazır ki, ABŞ kəşfiyyat analitikləri hazırda İran və ABŞ arasında vəziyyətin sülh və müharibə arasında qeyri-müəyyən mərhələdə qaldığı qənaətinə gəliblər. Onların fikrincə, tərəflər arasında qarşılıqlı hücumların daha dağıdıcı xarakter alması fonunda vəziyyət getdikcə daha qeyri-sabit olur.
Hesabat ABŞ Prezidenti Donald Trampın üzləşdiyi çətinliyi də ortaya qoyur. Bildirilir ki, Trampın hücumların miqyasını davamlı genişləndirmək siyasəti hazırda çıxılmaz vəziyyət yaradır. Lakin ABŞ daxilində müharibəyə dəstəyin aşağı olması səbəbindən quru qoşunlarının mümkün tətbiqi kimi addımlar prezident üçün ciddi siyasi risklər yarada bilər.
Husilərdən Səudiyyə Ərəbistanına qarşı blokada təhdidi
Yaxın Şərqdəki qarşıdurmanın digər istiqamətində isə İran tərəfindən dəstəklənən Yəmənin husilər qruplaşması Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası tətbiq etmək niyyətində olduğunu açıqlayıb.
Husilər Bab əl-Məndəb boğazında gəmiçiliyi təhdid ediblər. Bu boğaz Ərəbistan yarımadası ilə Afrika arasında yerləşən və Süveyş kanalına aparan əsas dəniz yollarından biri hesab olunur.
ABŞ və İran arasında gizli diplomatik təmaslar
Müharibənin daha geniş miqyas alacağı ehtimalı fonunda İran və ABŞ yeni danışıqlara hazır olduqlarına dair siqnallar veriblər. Lakin tərəflər arasında real irəliləyiş barədə məlumat yoxdur.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, Vaşinqtondan Tehrana siqnallar Qətər vasitəçiləri ilə ötürülür.
“Diplomatik aparat fəallıq göstərir və müəyyən vasitəçilər vasitəsilə bizə müxtəlif təkliflər çatdırılır”, – deyə Bəqayi bildirib.
ABŞ dövlət katibi Marko Rubio isə Vaşinqtonun diplomatik həll yoluna açıq qaldığını deyib. Onun sözlərinə görə, İran rəhbərliyinin bir hissəsi də bu yanaşmanı dəstəkləyir, lakin ölkə daxilindəki sərt mövqelilər buna mane olur.
Rubio qeyd edib ki, İran danışıqlara hazır olduğunu bildirən siqnallar göndərsə də, ABŞ onun addımlarına cavab verir:
“Onların hərəkətləri raket və dronların buraxılmasıdır”, – Rubio bildirib.
CIA: İran hakimiyyəti davam gətirə bilər
ABŞ kəşfiyyatının yeni hesabatı əsasən Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) tərəfindən hazırlanıb. Sənəddə qeyd olunur ki, İran hakimiyyəti ABŞ və İsrail zərbələri nəticəsində yüksək rütbəli komandirlərini və hərbi texnikasının bir hissəsini itirməsinə baxmayaraq, idarəetmə qabiliyyətini qoruyur.
CIA daha əvvəl də hesab etmişdi ki, İran ABŞ tərəfindən mümkün dəniz blokadasına ən azı 3-4 ay davam gətirə bilər və yalnız bundan sonra ciddi iqtisadi çətinliklərlə üzləşə bilər.
ABŞ Milli Kəşfiyyat İdarəsinin Yaxın Şərq üzrə keçmiş əməkdaşı Conatan Panikoff bildirib ki, Tramp administrasiyası hərbi təzyiqin artırılmasının Tehranın daha güzəştli mövqeyə keçməsinə səbəb olacağına inanır.
Onun sözlərinə görə, bu yanaşma böyük ehtimalla yanlışdır:
“İran hökumətinin əsas prioriteti rejimin sağ qalmasıdır. Onlar iqtisadiyyata və əhaliyə dəyən zərərə baxmayaraq, güclü hücumlara dözməyə hazırdırlar”, – Panikoff bildirib.
İran rəhbərliyində fikir ayrılığı artır
ABŞ kəşfiyyatı İran rəhbərliyi daxilində də gərginliyin artdığını müəyyən edib. Hesabata görə, ölkədə praqmatiklər və xüsusilə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli radikal qanad arasında fikir ayrılığı dərinləşir.
SEPAH-ın təsirinin son dövrdə əhəmiyyətli dərəcədə artdığı vurğulanır.
İranın ali rəhbəri Müctəba Xamenei və ölkənin əsas danışıqlarçısı Məhəmməd-Baqir Qalibaf isə açıqlamalarında xalqı düşmənlə mübarizədə qələbənin əsas şərti kimi birlik nümayiş etdirməyə çağırıblar.
21:26 21.07.2026
Oxunuş sayı: 67