Müttəfiqləri Rusiyadan üz döndərir: Yeni geosiyasi konfiqurasiya yaranır
Rusiyanın beynəlxalq arenada təcridinin artdığı bir vaxtda, xarici mediada Moskvanın ənənəvi tərəfdaşlarının siyasətində dəyişikliklərin baş verdiyi ilə bağlı qiymətləndirmələr səslənir. “Euobserver” nəşrinin iddiasına görə, Çin Rusiya Prezidenti Vladimir Putindən tədricən uzaqlaşır, Qazaxıstan, Azərbaycan və Ermənistan isə daha müstəqil və balanslı xarici siyasət yürütməyə çalışırlar.

Politoloq Fikrət Sadıqov Crossmedia.az-a açıqlamasında bildirib ki, Rusiya beynəlxalq arenada getdikcə daha çox təcrid olunur və bu proses yeni geosiyasi balansın formalaşmasına təsir göstərir.
Onun sözlərinə görə, Moskvanın ən yaxın tərəfdaşları belə əvvəlki kimi Rusiyaya açıq dəstək verməkdən çəkinirlər:
"Reallıq ondan ibarətdir ki, Rusiyadan hətta tərəfdaşları da uzaqlaşırlar. Çin kimi böyük dövlət belə faktiki olaraq neytral mövqe nümayiş etdirir və Rusiyaya açıq şəkildə dəstək verməyə çalışmır. Çünki Pekin mövcud vəziyyəti düzgün qiymətləndirir və Rusiyanın çətin vəziyyətdə olduğunu anlayır".
Ekspert qeyd edib ki, Qərbin tətbiq etdiyi sanksiyalar Moskva üzərində təzyiqi daha da artırır:
"Dünya birliyi Rusiyaya qarşı ardıcıl sanksiyalar tətbiq edir. Avropa İttifaqı və ABŞ bu istiqamətdə fəaliyyətlərini davam etdirirlər. Hətta əvvəlki dövrlərdə Rusiya ilə daha yumşaq mövqe nümayiş etdirən dairələr də artıq sərt addımlar atmağa başlayıblar".
F.Sadıqov hesab edir ki, bütün bunlar Rusiyanın müharibə ilə qarşıya qoyduğu məqsədlərə çata bilmədiyini göstərir:
"Artıq zaman göstərir ki, Rusiya qarşıya qoyduğu məqsədlərə nail ola bilməyib. Ukrayna müqavimət göstərməkdə davam edir və Avropa ölkələri onu həm hərbi, həm maliyyə, həm də siyasi baxımdan geniş şəkildə dəstəkləyirlər".
Politoloqun fikrincə, mövcud proseslər beynəlxalq münasibətlər sistemində yeni geosiyasi reallıq yaradır:
"Hazırda yeni geosiyasi balans formalaşır. Keçmiş sovet məkanında yerləşən bir sıra dövlətlər, o cümlədən əvvəllər Rusiyaya yaxın hesab olunan ölkələr də Moskva ilə münasibətlərini yenidən nəzərdən keçirməyə çalışırlar".
Ekspert bildirib ki, bu tendensiya gələcəkdə regionda yeni siyasi konfiqurasiyanın yaranmasına səbəb ola bilər:
"Baş verən proseslər onu göstərir ki, yaxın gələcəkdə yeni geosiyasi konfiqurasiya formalaşa bilər. Bu isə həm regionun, həm də beynəlxalq münasibətlər sisteminin gələcək inkişafına ciddi təsir göstərəcək".
Nigar Xəlilli
19:00 21.07.2026
Oxunuş sayı: 59