KİV: Husilər ABŞ-İran müharibəsinə qoşulmağa yaxındır
İranın dəstəklədiyi husilər Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan edərək ABŞ-İran qarşıdurmasında yeni cəbhənin açılmasına səbəb ola biləcək addım atıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Nəşrin yazdığına görə, blokada Yəmənin paytaxtı Səna hava limanına İran təyyarəsinin eniş cəhdindən sonra endirilən zərbəyə cavab olaraq elan edilib. Ər-Riyadın dəstəklədiyi Yəmən hökuməti hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Buna cavab olaraq husilər Səudiyyə Ərəbistanının Abha hava limanına zərbə endiriblər. Bu, 2022-ci ildən bəri krallıq ərazisinə ilk birbaşa hücum hesab olunur. Husilərin lideri Əbdül-Məlik əl-Husi ölkənin neft və enerji obyektlərinə də hücum edilə biləcəyi barədə xəbərdarlıq edib.
"The New York Times" qeyd edir ki, Tehran husilərdən qlobal enerji bazarına təzyiq vasitəsi kimi istifadə edə bilər. Xüsusilə Hörmüz boğazında yaranmış gərginlik fonunda Qırmızı dəniz və Bab əl-Məndəb boğazının strateji əhəmiyyəti daha da artır.
Məlumata görə, Səudiyyə Ərəbistanı hər gün Qırmızı dəniz marşrutu ilə 3,6 milyon bareldən çox neft və neft məhsulu ixrac edir. Mümkün blokadanın dünya neft bazarının 3 faizdən çoxuna təsir göstərə, gəmilərin sığorta xərclərini artıra və beynəlxalq ticarətdə yeni problemlər yarada biləcəyi bildirilir.
14:48 21.07.2026
Oxunuş sayı: 64