Putin səfərbərliyi gecikdirmək üçün Ukraynaya raket zərbələrini artırır
Rusiyanın Ukraynaya qarşı intensiv raket hücumları Kremlin yeni səfərbərlik elan etməsini təxirə salmağa hesablanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "TVP World" məlumat yayıb.
Nəşrin siyasi redaktoru Stüart Douell yazır ki, yeni səfərbərlik Rusiyaya daha çox canlı qüvvə qazandıra bilər. Lakin bu addım 2022-ci ildə olduğu kimi milyonlarla Rusiya vətəndaşının narazılığına səbəb ola bilər.
Müəllifin fikrincə, hazırda Moskva Ukraynanın və müttəfiqlərinin hava hücumundan müdafiə imkanlarındakı boşluqlardan istifadə etməyə çalışır. Bildirilir ki, Rusiya ballistik raketləri Ukrayna və tərəfdaşlarının raket ehtiyatlarını bərpa edə biləcəyindən daha sürətli istifadə edir və Qərbin payız-qış mövsümünə qədər bu problemi tam aradan qaldırması çətin görünür.
Bununla yanaşı, məqalədə qeyd olunur ki, quruda Rusiya ordusunun hücum tempi zəifləyib, itkilər isə yeni cəlb olunan hərbçilərin sayını üstələyir.
"TVP World" hesab edir ki, əgər raket hücumları, Ukraynanın enerji sisteminə təzyiq və Qərbə təsir strategiyası nəticə verməsə, Kremlin yenidən səfərbərliyə əl atacağı istisna edilmir. Nəşrin qənaətinə görə, belə bir qərar qəbul olunarsa, onun mərhələli şəkildə həyata keçirilməsi ehtimalı daha yüksəkdir.
13:34 21.07.2026
Oxunuş sayı: 66