KİV: Vensin komandası Tramp-Netanyahu görüşünə qarşı çıxır
ABŞ administrasiyasında vitse-prezident Cey Di Vensə yaxın yüksək vəzifəli şəxslər İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ Prezidenti Donald Trampla görüşünün baş tutmaması üçün çalışırlar.
Crossmedia.az xəbər verir ki, bu barədə İsrail KİV-i yüksək vəzifəli israilli mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, bəzi ABŞ rəsmiləri hesab edirlər ki, Netanyahu Trampla görüş vasitəsilə Vaşinqtonu İrana qarşı daha sərt mövqe tutmağa sövq etməyə çalışa bilər.
Bununla yanaşı, mənbələr Tramp və Netanyahu arasında münasibətlərin KİV-də təqdim olunduğundan daha yaxşı olduğunu, tərəflər arasında gərginlik barədə yayılan məlumatların isə şişirdildiyini bildiriblər.
Hazırda görüşün tarixi müəyyənləşməyib. ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun müşaviri Ari Laytstounun Netanyahu ilə görüşərək Tramp ilə mümkün danışıqları müzakirə edəcəyi gözlənilir.
Məlumata əsasən, Netanyahu gələn həftə ABŞ-a səfər etməyi və iyulun 27-də senator Lindsi Qremin dəfn mərasimində iştirak etməyi planlaşdırır. Lakin o, Tramp ilə görüş təsdiqlənməyəcəyi təqdirdə Vaşinqtona getməyəcək.
11:56 21.07.2026
Oxunuş sayı: 51