Xaçmazda heyvan satışı bazarı fəaliyyətə başlayıb
Xaçmaz rayonunda yerləşən heyvan bazarı fəaliyyətini bərpa edib.
Bu barədə Crossmedia.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, həyata keçirilən qiymətləndirmənin nəticələrinə əsasən, biotəhlükəsizlik tələbləri təmin olunaraq bazar yenidən qurulub.
Bazar baytarlıq-sanitariya və biotəhlükəsizlik tələblərinə uyğun infrastrukturla təmin olunub. Obyektdə baytarlıq nəzarətinin həyata keçirilməsi üçün müvafiq şərait yaradılıb, kliniki baxış platforması, dezbaryerlər, izolyatorlar, heyvanların çəkisinin və bədən temperaturunun ölçülməsi üçün müvafiq avadanlıqlar quraşdırılıb.
Eyni zamanda, heyvanların saxlanılması, nümayişi, yüklənməsi və boşaldılması üçün xüsusi bölmələr təşkil edilib, su və yem təchizatı, işıqlandırma və tullantıların idarə olunması sistemləri tam şəkildə qurulub.
Xatırladaq ki, bundan əvvəl Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar, Kürdəmir, Abşeron, Masallı, Ağsu rayonlarında və Bakının Binə qəsəbəsində yerləşən heyvan bazarları fəaliyyətə başlayıb. Xaçmazda heyvan bazarının açılması ilə ölkə üzrə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 15-ə çatıb.
Qeyd edək ki, heyvan bazarları AQTA Kollegiyasının qərarı ilə təsdiq edilmiş norma və qaydalara uyğun şəkildə yenidən qurulmalıdır. Yenidən qurulan bazarlar yalnız Agentliyin müvafiq komissiyasının yekun qiymətləndirilməsindən sonra fəaliyyətə başlaya bilər.
12:54 20.07.2026
Oxunuş sayı: 56