Ənsarullah: Səudiyyə Ərəbistanı ilə həlledici döyüşə hazırıq
Yəmənin "Ənsarullah" hərəkatı Səna Beynəlxalq Hava Limanına tətbiq edilən blokadanın davam etməsi fonunda Səudiyyə Ərəbistanı ilə həlledici döyüşə hazır olduğunu bəyan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Ənsarullah"ın Siyasi Bürosunun üzvü Məhəmməd əl-Buhaiti açıqlama verib.
O bildirib ki, Yəmən blokadaya son qoymağa hazırlaşır və hazırkı mərhələdə hazırlanan əməliyyat bölgədə daha geniş miqyaslı mübarizənin tərkib hissəsidir.
Əl-Buhaitinin sözlərinə görə, İran, Livan, Yəmən və İraqda baş verən hadisələr həmin ölkələrin Fələstinə dəstək mövqeyi ilə əlaqəlidir. O, "Ənsarullah"ın bölgədə baş verən proseslərdə iştirak etdiyini və "Müqavimət Oxu" ilə tam koordinasiya şəraitində fəaliyyət göstərdiyini vurğulayıb.
O, həmçinin bəyan edib ki, regionun bəzi ölkələrində yerləşən ABŞ hərbi bazaları Vaşinqtona İrandakı infrastruktur obyektlərinə zərbələr endirmək imkanı yaradır.
Əl-Buhaiti iddia edib ki, öz ərazilərində ABŞ hərbi bazalarının yerləşdirilməsinə və onlardan istifadəyə icazə verən ölkələr İrana qarşı həyata keçirilən hərbi əməliyyatların iştirakçıları hesab olunur.
09:58 20.07.2026
Oxunuş sayı: 54