SEPAH: Hörmüz boğazında iki tanker partlayıb
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında hərəkət qaydalarını pozduğu iddia edilən iki neft tankerinin partladığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, "Tasnim" agentliyi SEPAH-ın bəyanatını yayıb.
Bəyanata görə, tankerlər ABŞ hərbçilərinin təzyiqi ilə boğazın cənub hissəsində təhlükəli marşrutla hərəkət etməyə cəhd göstəriblər. Nəticədə baş verən partlayışlardan sonra gəmilər hərəkətini davam etdirə bilməyib.
SEPAH bildirib ki, ABŞ silahlı qüvvələrinin bölgədə mövcudluğu hüquqi əsasa malik deyil və İran Vaşinqtonun hərəkətlərinə cavab verəcək.
Qurum həmçinin ABŞ-nin hərbi əməliyyatları dayandırılana qədər Hörmüz boğazından neft, qaz və kimyəvi məhsullar daşıyan gəmilər üçün marşrutun təhlükəsiz hesab edilə bilməyəcəyini vurğulayıb.
Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ qüvvələrinin ardıcıl doqquzuncu gecə İrana zərbələr endirdiyini və əməliyyatların məqsədinin Tehranın Hörmüz boğazında beynəlxalq gəmiçiliyə təhdid imkanlarını zəiflətmək olduğunu açıqlamışdı.
SEPAH isə öz növbəsində ABŞ-ni və Vaşinqtona hərbi bazalarını təqdim edən Yaxın Şərq ölkələrini İrana qarşı hücumlar davam edəcəyi təqdirdə "son dərəcə ağır nəticələr" barədə xəbərdar edib.
10:21 20.07.2026
Oxunuş sayı: 69