SEPAH ABŞ bazalarına zərbələr endirib
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Yaxın Şərqdə yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirdiyini bəyan edib. Eyni zamanda, İran KİV-i ölkənin bir sıra şəhərlərində partlayışların baş verdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Tasnim", "Mehr" agentlikləri və SEPAH-a yaxın informasiya resursları məlumat yayıb.
SEPAH-ın açıqlamasına görə, Suriyada yerləşən Ət-Tənf (al-Tanf) bazası yaxınlığındakı xüsusi əməliyyatların idarəetmə mərkəzi, eləcə də Süleymaniyyədəki hərbi obyekt hədəfə alınıb.
Bundan əlavə, qurum İordaniyanın Əqəbə hava limanı yaxınlığında yerləşən ABŞ hərbi obyektlərinin İran raketləri ilə vurulduğunu iddia edib.
Eyni vaxtda İran KİV-i Təbriz, Çabahar, Bəndər-Abbas, Cask, Sirik və digər yaşayış məntəqələrində partlayışların baş verdiyini yazıb.
"Mehr" agentliyinin məlumatına görə, İranın hava hücumundan müdafiə qüvvələri ölkənin cənubunda bir pilotsuz uçuş aparatını da vurub.
09:44 20.07.2026
Oxunuş sayı: 59