Avtobloqer "Xiaomi SU7" barədə saxta məlumat yaydığına görə həbs edilib
Çində məhkəmə "Xiaomi SU7" elektromobilinin təhlükəsizliyi barədə həqiqətə uyğun olmayan məlumatlar yaymaqda təqsirli bilinən Qao soyadlı avtobloqeri 20 ay müddətinə azadlıqdan məhrum edib.
Crossmedia.az xəbər verir ki, "Reuters" bu barədə məlumat yayıb.
Məlumata görə, bloqer 2024-cü ilin avqustunda "Xiaomi SU7" modeli ilə bağlı guya müstəqil qəza sınağını əks etdirən video yayımlayıb. Videoda toqquşmadan sonra avtomobilin qapılarının açılmadığı, təcili çağırış sisteminin işləmədiyi və mərkəzi idarəetmə ekranının sıradan çıxdığı iddia olunurdu.
Video qısa müddətdə internetdə geniş yayılaraq 3 milyondan çox baxış toplayıb. Bundan sonra "Xiaomi" şirkəti bloqerin avtomobilin təhlükəsizliyi ilə bağlı yalan məlumatlar yaydığını bildirərək məhkəməyə müraciət edib.
Araşdırma zamanı müəyyən edilib ki, Qao və komandası çəkilişdən əvvəl avtomobilə qəsdən müdaxilə edərək köməkçi akkumulyatorun kabelini zədələyiblər. Bu isə bəzi sistemlərin işləməməsinə səbəb olub. Həmçinin videoda istifadə edilən bəzi kadrların başqa bir materialdan götürüldüyü və həmin görüntülərdə zədələrin qəsdən yaradıldığı müəyyənləşdirilib.
Məhkəmənin qərarı ilə bloqerə 20 ay həbs cəzası verilib. Bundan əlavə, o, 100 min yuan məbləğində cərimə ödəməyə məhkum edilib.
22:42 19.07.2026
Oxunuş sayı: 84