Lavrov və BƏƏ XİN rəhbəri Fars körfəzindəki vəziyyəti müzakirə edib
Rusiya xarici işlər naziri Sergey Lavrov və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) baş nazir müavini, xarici işlər naziri Abdullah bin Zayed Al Nahayyan Fars körfəzindəki vəziyyəti müzakirə ediblər.
Crossmedia.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, tərəflər arasında keçirilən telefon danışığı zamanı ABŞ və İran arasında davam edən qarşılıqlı zərbələr fonunda bölgədəki vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
Nazirlik bildirib ki, tərəflər döyüş əməliyyatlarının dərhal dayandırılmasının və danışıqlar prosesinin mümkün qədər tez bərpasının vacibliyini vurğulayıblar. Həmçinin Hörmüz boğazında sabit, maneəsiz və təhlükəsiz gəmiçiliyin təmin edilməsinin dünya iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıdığı qeyd olunub.
Rusiya XİN-in məlumatına görə, görüşdə Rusiya-BƏƏ strateji tərəfdaşlığının daha da möhkəmləndirilməsi, o cümlədən ticarət-iqtisadi, təhsil və idman sahələrində əlaqələrin genişləndirilməsi məsələləri də müzakirə edilib.
Tərəflər ikitərəfli münasibətlərdə və beynəlxalq platformalarda xarici siyasət koordinasiyasını davam etdirməkdə maraqlı olduqlarını təsdiqləyiblər.
19:10 18.07.2026
Oxunuş sayı: 76