İranda ABŞ və İsrailə qarşı 350-dən çox məhkəmə işi qaldırılıb
İranda ABŞ və İsrailə qarşı 2025-ci ilin yayında və 2026-cı ilin yazında baş vermiş müharibələr zamanı ölkəyə və vətəndaşlara vurulduğu iddia edilən ziyana görə 350-dən çox məhkəmə işi qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə İran məhkəmə hakimiyyətinin nümayəndəsi Eshaq Cahangirə istinadən məlumat yayıb.
Cahangir bildirib ki, 2025-ci ilin iyununda baş vermiş 12 günlük müharibə ilə bağlı Tehran Mülki İşlər Məhkəməsinin 55-ci şöbəsində ABŞ və İsrailə qarşı 260 məhkəmə işi qeydiyyata alınıb. Onun sözlərinə görə, bu işlər üzrə 300 mindən çox fiziki və hüquqi şəxs iddiaçı qismində çıxış edir.
O əlavə edib ki, 2026-cı il fevralın 28-də başlayan müharibə ilə bağlı sənədləşdirmə və məlumatların toplanması prosesi davam edir. Hazırda həmin hadisələrlə əlaqədar 90 cinayət işi başlanılıb və onların araşdırılması aparılır.
Qeyd edək ki, İranın məlumatına görə, 2026-cı il fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb və ölkənin bir sıra şəhərlərinə, o cümlədən Tehrana zərbələr endirilib. İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) buna cavab olaraq İsrailə, eləcə də ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı hərbi obyektlərinə hücumlar təşkil etdiyini açıqlayıb.
Məlumata əsasən, iyun ayında Vaşinqton və Tehran hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan memorandum imzalayıblar. Lakin iyulun əvvəlində Hörmüz boğazında kommersiya gəmilərinə qarşı həyata keçirilən silsilə hücumlardan sonra vəziyyət yenidən gərginləşib.
14:41 18.07.2026
Oxunuş sayı: 65