Ukrayna Moskva yaxınlığındakı Noqinsk neft bazasını vurdu: 26 nəfər yaralandı
Ukrayna ordusunun pilotsuz uçuş aparatları ilə Rusiyanın Moskva vilayətinin Noqinsk şəhərində yerləşən neft bazasına endirdiyi zərbə nəticəsində 26 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, "The Kyiv Independent" bu barədə məlumat yayıb.
Məlumata görə, hücum iyulun 18-nə keçən gecə həyata keçirilib. Sosial şəbəkələrdə yayılan görüntülərdə Noqinskdə yerləşən neft bazasında güclü yanğın və qalın qara tüstünün yüksəldiyi görünür.
İlkin məlumatlara əsasən, hücum nəticəsində 26 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Zərbənin vurduğu maddi ziyanın həcmi və neft bazasında yaranan dağıntılar barədə dəqiq məlumat açıqlanmayıb.
Bildirilir ki, Noqinskdəki neft bazası Moskvanın şərqində, paytaxtdan təxminən 50 kilometr məsafədə yerləşir. Rusiya rəsmiləri eyni gecə Moskva istiqamətində yüzlərlə Ukrayna PUA-sının buraxıldığını, onların bir hissəsinin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlayıblar. Ukrayna tərəfi isə hücumla bağlı hələlik rəsmi açıqlama verməyib.
11:37 18.07.2026
Oxunuş sayı: 64