Qəzzada oğlunu itirən general liderliyə yüksəldi
İsrail Ordusunun keçmiş Baş Qərargah rəisi Qadi Ayzenkot oktyabrın 27-də keçiriləcək parlament seçkiləri ərəfəsində Baş nazir Benyamin Netanyahuya əsas siyasi rəqib kimi önə çıxıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Son ictimai rəy sorğularına əsasən, 66 yaşlı keçmiş general baş nazir postu uğrunda mübarizədə Netanyahunu geridə qoyur. Analitiklər bunu İsraildə uzun illər hakimiyyətdə olan Netanyahunun siyasi mövqelərinin zəifləməsinin göstəricisi kimi qiymətləndirirlər.
“12-ci kanal”ın keçirdiyi sorğuya görə, respondentlərin 43 faizi baş nazir vəzifəsində Ayzenkotu görmək istədiyini bildirib. Netanyahunu dəstəkləyənlərin payı isə 34 faiz təşkil edib.
“13-cü kanal”ın sorğusuna əsasən, Ayzenkotun yeni yaratdığı “Yaşar” partiyası 120 yerlik Knessetdə 23 mandat qazana bilər. Hakim “Likud” partiyasına isə 22 mandat proqnozlaşdırılır.
Xarici siyasətdə geniş tanınmasa və daxili siyasətdə böyük təcrübəyə malik olmasa da, Ayzenkotun təmkinli və sərt idarəetmə üslubu seçicilərin diqqətini cəlb edir. O, hazırda korrupsiya ittihamları, konstitusiya böhranı, daxili siyasi qarşıdurmalar və davam edən müharibələr fonunda artan təzyiqlərlə üzləşən Netanyahuya alternativ kimi qiymətləndirilir.
Keçmiş generalın şəxsi faciəsi də onun ictimai nüfuzunu artırıb. Ayzenkot Qəzza müharibəsində oğlu Qalı və iki qardaşı oğlunu itirib. O bildirib ki, siyasətə gəlmək qərarı ailəsinin və ölkəsinin ödədiyi ağır bədələ məna qazandırmaq istəyi ilə bağlıdır.
Ayzenkot İsrailin təhlükəsizlik siyasətində dəyişikliklər və dövlət institutlarının bərpası vədi ilə çıxış edir. Bununla yanaşı, o, 2008-ci ildə formalaşdırılmış və silahlı qruplara qarşı mübarizədə mülki infrastruktura genişmiqyaslı zərbələrin endirilməsini nəzərdə tutan Dahiyə doktrinası ilə əlaqələndirilir. Həmin strategiya beynəlxalq insan hüquqları təşkilatları tərəfindən tənqid olunsa da, İsrail rəsmiləri onu hərbi zərurət kimi müdafiə edirlər.
Qəzza müharibəsinin ilk aylarında Netanyahunun hərbi kabinetində qısa müddət fəaliyyət göstərən Ayzenkot hazırda onunla hər hansı koalisiya quracağını istisna edir və mövcud hökuməti ölkə tarixinin ən pis hökuməti adlandırır.
Bununla belə, siyasi müşahidəçilər hesab edirlər ki, Ayzenkotun seçkilərdə uğur qazanacağı təqdirdə sabit koalisiya formalaşdırması asan olmayacaq. Onun hamı üçün məcburi hərbi xidmət təşəbbüsü ultraortodoks partiyaların etirazına səbəb olur. Bundan başqa, Ayzenkot maliyyə naziri Betsalel Smotriçin məskunlaşma siyasətini tənqid edir, milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin isə hökumətdən uzaqlaşdırılmasını istəyir.
Keçmiş Baş Qərargah rəisi Fələstin dövlətinin yaradılmasına qarşı çıxsa da, ərəb partiyalarının hərbi olmayan milli xidmət modelini dəstəkləyəcəyi təqdirdə onlarla əməkdaşlığı mümkün sayır.
Ekspertlərin fikrincə, hazırkı sorğular Ayzenkotun üstünlüyünü göstərsə də, seçkilərdən sonra koalisiya danışıqları və siyasi kompromislər onun hakimiyyətə gedən yolunda əsas sınaq olacaq.
23:37 17.07.2026
Oxunuş sayı: 55