İllər sonra ilk dəfə: Türkiyə Ermənistanı rəsmi sisteminə daxil etdi
Türkiyənin Ticarət Nazirliyi münasibətlərin normallaşdırılması prosesi çərçivəsində Ermənistanın “077” kodunu ölkənin gömrük proqram təminatı sisteminə rəsmi şəkildə daxil edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bu texniki dəyişiklik Ermənistanı Türkiyənin hüquqi və ticarət sistemində suveren ticarət tərəfdaşı kimi tanıyır və iki ölkə arasında birbaşa gömrük prosedurlarının həyata keçirilməsinə imkan yaradır.
Bildirilib ki, yeni tənzimləmə logistika və hüquqi əməkdaşlıq mexanizmlərini dəyişəcək. Bundan sonra Türkiyənin idxal, ixrac və tranzit gömrük bəyannamələrində Ermənistan malların mənşə ölkəsi və ya son təyinat məntəqəsi kimi rəsmi göstərilə biləcək.
Əvvəllər Türkiyə qanunvericiliyi Ermənistan şirkətlərinin birbaşa alıcı kimi qeydiyyata alınmasına imkan vermirdi. Buna görə də mallar əsasən üçüncü ölkələrdəki vasitəçilər, xüsusilə Gürcüstan üzərindən rəsmiləşdirilir və sonradan yenidən ixrac edilirdi. Bu isə biznes xərclərinin artmasına səbəb olurdu.
19:16 17.07.2026
Oxunuş sayı: 51