Hamiləliyinə görə hədəf seçildi – tanınmış aparıcı susmadı
Ukraynalı tanınmış teleaparıcı Solomiya Vitvitska 46 yaşında ilk övladını gözləməsi ilə bağlı sosial şəbəkələrdə ünvanına səslənən tənqidlərə münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, aparıcı Facebook hesabında paylaşdığı açıqlamada son günlər hamiləliyi ilə bağlı yazılarının altında yüzlərlə rəy oxuduğunu bildirib. Onun sözlərinə görə, əksəriyyət dəstək və xoş arzular yazsa da, mənfi rəylər də az olmayıb.
Vitvitska qeyd edib ki, bu cür tənqidi şərhlərin arxasında əslində insanların yaşadığı ağrı, qorxu, məyusluq və şəxsi travmalar dayanır.
Teleaparıcı hamiləliyi barədə açıq danışmasının səbəbini də izah edib. O bildirib ki, məqsədi nə qısqanclıq yaratmaq, nə də kiminsə təsdiqini qazanmaqdır.
"Bu hekayəni ona görə paylaşıram ki, bu gün bir çox qadın müharibə, yaş, köhnəlmiş stereotiplər və başqalarının qınağı səbəbindən ana olmaqdan çəkinir. Əgər mənim hekayəm heç olmasa bir qadına ümid verərsə, göstərərsə ki, arzuların son istifadə tarixi yoxdur və analıq qınaq deyil, böyük xoşbəxtlikdir, deməli, səmimi olmağım əbəs deyil", – deyə Vitvitska vurğulayıb.
O əlavə edib ki, insanlar başqalarının ssenarisi ilə yaşamağa məcbur deyil və bir-birinə qarşı daha anlayışlı və mehriban olmalıdırlar.
07:10 18.07.2026
Oxunuş sayı: 62