Aİ ilk dəfə Kiyevə hücumlara görə yeni sanksiya mexanizmi tətbiq edib
Avropa İttifaqı (Aİ) ilk dəfə "Kiyevə hücumlara görə" adlı yeni sanksiya mexanizmi çərçivəsində beş Rusiya vətəndaşı və ABS Electro sənaye qrupuna qarşı məhdudiyyətlər tətbiq edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb.
Bildirilib ki, sanksiyalar Brüsselin iddiasına görə, iyulun 1-i və 5-də Kiyevə endirilən zərbələrdə və Rusiya istehsalı olan hücum dronları üçün elektron komponentlərin hazırlanmasında iştirak etdikləri hesab edilən beş fiziki şəxsə və ABS Electro qrupuna şamil olunub.
Qeyd olunub ki, "Kiyevə hücumlara görə" ifadəsi Aİ-nin sanksiya qərarlarında ilk dəfə istifadə olunur. Bununla belə, tətbiq edilən tədbirlərin mahiyyəti dəyişməyib: sanksiyaya məruz qalan şəxslərin və qurumun Aİ ərazisinə girişinə qadağa qoyulur, həmçinin Avropadakı aktivləri dondurulur.
"Euractiv" nəşrinin məlumatına görə, qərar Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Kiyevə səfərindən iki gün sonra açıqlanıb. Nəşr yazır ki, həmin səfər zamanı fon der Lyayen hava hücumu təhlükəsi səbəbindən bomba sığınacağına enmək məcburiyyətində qalmışdı.
16:56 17.07.2026
Oxunuş sayı: 57