Putin Təhlükəsizlik Şurasında Asiya-Sakit Okean istiqamətini müzakirə edib
Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirilən ənənəvi müşavirədə ölkənin xarici siyasət prioritetlərini və Xarici İşlər Nazirliyinin Asiya-Sakit Okean regionundakı fəaliyyətini müzakirə edib.
Crossmedia.az xəbər verir ki, videokonfrans formatında keçirilən iclasın mövzusunu Vladimir Putin özü açıqlayıb.
Prezident bildirib ki, xarici işlər naziri Sergey Lavrov Asiya-Sakit Okean regionunda Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri barədə məruzə təqdim edəcək.
"Bu gün Sergey Viktoroviç Lavrov Xarici İşlər Nazirliyinin diqqətini yönəltməyi təklif etdiyi prioritet – Asiya-Sakit Okean regionu barədə danışacaq. Mən ondan bu istiqamətdə işin necə təşkil edildiyi və müxtəlif qurumlar arasında koordinasiyanın necə həyata keçirildiyi barədə məlumat verməsini xahiş etmişəm", – deyə Putin bildirib.
Müşavirədə Rusiyanın Baş naziri Mixail Mişustin, Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu, Prezident Administrasiyasının rəhbəri Anton Vayno, prezidentin köməkçisi Nikolay Patruşev, müdafiə naziri Andrey Belousov, daxili işlər naziri Vladimir Kolokoltsev, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin və digər rəsmilər iştirak ediblər.
17:06 17.07.2026
Oxunuş sayı: 53