Si Cinpin Çinin süni intellekt sahəsində qlobal liderliyə iddiasını açıqlayıb
Çin Xalq Respublikasının Sədri Si Cinpin ölkəsini süni intellekt (Sİ) sahəsində dünya liderlərindən birinə çevirmək niyyətində olduqlarını bəyan edib və ABŞ ilə texnoloji rəqabəti gücləndirəcəklərini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.
Si Cinpin süni intellekt sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə çağırıb və bu texnologiyanın qlobal səviyyədə tənzimlənməsinin vacibliyini vurğulayıb.
Bəyanat Rusiya, Braziliya və İndoneziya da daxil olmaqla 30-a yaxın ölkənin qoşulduğu Süni İntellekt üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatının (WAICO) yaradılmasından sonra səsləndirilib.
Çin lideri, həmçinin növbəti beş il ərzində inkişaf etməkdə olan ölkələrdən 5 min mütəxəssisin hazırlanacağını, beynəlxalq əməkdaşlıq mərkəzlərinin yaradılacağını və Çinin açıq mənbə (open-source) süni intellekt modellərinin təşviq ediləcəyini bildirib.
"Financial Times" yazır ki, Çin şirkətləri ABŞ ilə texnoloji fərqi sürətlə azaldır. Nəşrin məlumatına görə, bir sıra Qərb şirkətləri daha aşağı qiymətə görə artıq Çin istehsalı olan süni intellekt modellərinə keçid edirlər.
16:04 17.07.2026
Oxunuş sayı: 56