Rusiya Türkiyədən bəzi meyvələrin idxalını məhdudlaşdırıb
Rusiya Türkiyənin beş müəssisəsindən idxal olunan çəyirdəkli meyvələrə məhdudiyyət tətbiq edib. Qərar Türkiyə xarici işlər naziri Hakan Fidanın Kiyevə səfərindən bir neçə saat sonra açıqlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) məlumat yayıb.
Qurumun açıqlamasına əsasən, qadağa beş Türkiyə müəssisəsinin istehsal etdiyi ərik, alça, gilas, şaftalı və nektarin məhsullarını əhatə edir.
Rosselxoznadzor qərarın Avrasiya İqtisadi İttifaqına üzv ölkələr üçün karantin təhlükəsi yaradan zərərli orqanizmlərin çəyirdəkli meyvələrdə mütəmadi aşkarlanması ilə əlaqədar qəbul edildiyini bildirib. Lakin hansı zərərvericilərin aşkarlandığı açıqlanmayıb.
Qeyd olunur ki, məhdudiyyət barədə qərar Türkiyənin xarici işlər naziri Hakan Fidanın Kiyevdə ukraynalı həmkarı Andrey Siibiqa ilə görüşündən bir neçə saat sonra elan edilib. Görüşdən sonra Fidan Türkiyənin Ukraynaya təhlükəsizlik təminatları mexanizminə qoşulmağa və NATO müttəfiqləri ilə birlikdə bu təminatların dəniz komponentinə rəhbərlik etməyə hazır olduğunu bildirmişdi.
Məlumata görə, Türkiyə hazırda Rusiyaya çəyirdəkli meyvələrin əsas ixracatçıları sırasında deyil. Ötən il bu məhsulların əsas tədarükçüləri Özbəkistan (180 min ton), Azərbaycan (111 min ton) və Ermənistan (64 min ton) olub.
14:57 17.07.2026
Oxunuş sayı: 49