Türkmənistan Prezidenti ilk dövlət səfərini Gürcüstana etdi
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Gürcüstana ilk dövlət səfərini həyata keçirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tbilisidə Türkmənistan lideri bütün dövlət protokoluna uyğun şəkildə qarşılanıb.
Danışıqların əsas mövzularından biri Mərkəzi Asiya ilə Avropa arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi olub. Tərəflər xüsusilə Orta Dəhlizin inkişafı və Anakliya dərin dəniz limanının tikintisi perspektivlərini müzakirə ediblər.
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bildirib ki, Berdiməhəmmədovun səfəri ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcını göstərən mühüm hadisədir və yüksək səviyyədə siyasi dialoqun intensivləşdiyini nümayiş etdirir.
Səfər proqramına Türkmənistan Prezidentinin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə danışıqları və hökumət nümayəndələri ilə bir sıra görüşləri daxildir.
Gürcü Arzusu hökumətində qeyd edilib ki, Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın genişləndirilməsi Gürcüstanın xarici iqtisadi siyasətinin əsas istiqamətlərindən biridir. Tbilisi bu əməkdaşlığı Asiya ilə Avropanı birləşdirən mühüm tranzit mərkəzi kimi ölkənin rolunun gücləndirilməsi baxımından qiymətləndirir.
Gürcüstan son dövrlərdə bu istiqamətdə fəal addımlar atır. Belə ki, son bir ay ərzində Baş nazir İrakli Kobaxidze Qırğızıstan, Tacikistan və Qazaxıstana səfərlər edib. İyulun əvvəlində isə Tbilisidə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qəbul olunub.
Bundan əlavə, Gürcüstan Özbəkistan və Qazaxıstanla strateji tərəfdaşlıq barədə razılaşmalar əldə edib.
20:08 16.07.2026
Oxunuş sayı: 52