Şanxayda Süni İntellekt üzrə Dünya Əməkdaşlıq Təşkilatı yaradılıb
Şanxayda Süni İntellekt üzrə Dünya Əməkdaşlıq Təşkilatının təsis edilməsi haqqında saziş imzalanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə RIA Novosti məlumat yayıb.
Məlumata görə, yeni beynəlxalq qurumun yaradılması ilə bağlı sənədi Rusiya, Çin və daha 25-dən çox ölkənin nümayəndələri imzalayıblar.
Saziş 2026-cı il Ümumdünya Süni İntellekt Konfransı ərəfəsində imzalanıb. Rusiya adından sənədə rəqəmsal inkişaf naziri Maksut Şadayev, Çin adından isə xarici işlər naziri Van İ imza atıb.
Təşkilatın təsisçiləri sırasında Belarus, Qazaxıstan, Özbəkistan, Braziliya, İndoneziya, Cənubi Afrika Respublikası və digər ölkələrin nümayəndələri də yer alıb.
İyulun 17–20-də Şanxayda süni intellektin qlobal idarəçiliyi və Ümumdünya Süni İntellekt Konfransına həsr olunmuş tədbirlər keçiriləcək. Forumun əsas mövzusu "Ağıllı tərəfdaşlar – gələcəyin birgə qurulması" kimi müəyyənləşdirilib.
Çin Xalq Respublikasının Sədri Si Cinpinin konfransın açılışında çıxış edərək Pekinin süni intellekt texnologiyalarının inkişafı və tənzimlənməsi ilə bağlı rəsmi mövqeyini və strateji təkliflərini təqdim edəcəyi gözlənilir.
17:49 16.07.2026
Oxunuş sayı: 54