FTX Krım körpüsünə qarşı iki terror aktının qarşısının alındığını iddia edir
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Krım körpüsünə qarşı hazırlanmış iki terror aktının qarşısının alındığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə FTX-nin mətbuat xidməti məlumat yayıb.
Qurumun iddiasına görə, terror aktları Ukrayna xüsusi xidmət orqanları tərəfindən Finlandiya istehsalı olan təxminən bir ton partlayıcı maddədən istifadə edilməklə hazırlanıb. Bildirilir ki, saxlanılan şəxslərdən körpünün aşırımlarını dağıtmaq üçün nəzərdə tutulmuş iri həcmdə Peno markalı partlayıcı maddə götürülüb.
FTX-nin məlumatına əsasən, əməliyyatın təşkilatçısı kimi Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) əməkdaşı Vitali Jikoviç göstərilir. Rusiya tərəfi onun Monakoda oliqarx Yermolayevə qarşı törədilmiş hücumun icraçısı Anastasiya Berezovskayanın qətli ilə bağlı cinayət işi üzrə də təqsirləndirilən şəxs olduğunu iddia edir.
Ukrayna tərəfi isə bu iddialarla bağlı hələlik rəsmi açıqlama verməyib.
17:43 16.07.2026
Oxunuş sayı: 52