HƏMAS İrandan maliyyə və hərbi dəstəyin artırılmasını istəyib
HƏMAS rəhbərliyi İrandan maliyyə və diplomatik dəstəyin artırılmasını, həmçinin qruplaşmanın hərbi potensialının bərpasına yardım göstərilməsini xahiş edib.
Crossmedia.az xəbər verir ki, bu barədə The Times of Israel ərəb mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, HƏMAS nümayəndə heyəti Tehrana təqdim etdiyi tələblər siyahısında maliyyələşmənin artırılması, beynəlxalq arenada diplomatik dəstəyin gücləndirilməsi və Qəzza zolağında müharibə zamanı ciddi zərər görmüş hərbi infrastrukturun bərpasına yardım göstərilməsini istəyib.
Nəşrin yazdığına görə, qruplaşma həmçinin İrandan Tehran və Vaşinqton arasında gələcəkdə keçirilə biləcək danışıqlarda İsrailin Qəzza zolağındakı hərbi əməliyyatlarının dayandırılması tələbinin də gündəliyə daxil edilməsinə çalışmasını xahiş edib.
Məlumata əsasən, HƏMAS bununla ABŞ-nin dəstəklədiyi sülh planı çərçivəsində Qəzza zolağının demilitarizasiyası ilə bağlı beynəlxalq təşəbbüslər fonunda mövqelərini gücləndirməyə çalışır.
16:57 16.07.2026
Oxunuş sayı: 50