ABŞ-nin sabiq müdafiə naziri: İranı yalnız hava zərbələri ilə məğlub etmək mümkün deyil
ABŞ-nin keçmiş müdafiə naziri Mark Esper Vaşinqtonun İran üzərində yalnız hava zərbələri hesabına qələbə qazana bilməyəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Mark Esper "Financial Times"a müsahibəsində danışıb.
Onun sözlərinə görə, ABŞ İranı Hörmüz boğazını yenidən açmağa məcbur etmək üçün hərbi əməliyyatlardan daha çox iqtisadi təzyiqləri gücləndirməlidir.
Esper uzunmüddətli bombardmanların Tehranın mövqeyini dəyişəcəyinə şübhə etdiyini bildirib. O, hərbi eskalasiyanın davamı əvəzinə İranın iqtisadi cəhətdən təcrid edilməsini təklif edib. Keçmiş nazir vurğulayıb ki, bu strategiya vaxt, səbir və beynəlxalq dəstək tələb edir.
Müsahibədə qeyd olunub ki, müharibə başlayandan sonra İran Hörmüz boğazından gəmiçiliyi ciddi şəkildə məhdudlaşdırıb. Əvvəllər dünya neft tədarükünün təxminən 20 faizi bu marşrutla daşınırdı. İyulun əvvəlindən etibarən isə "Brent" markalı neftin qiyməti 16 faiz artaraq bir barel üçün təxminən 85 dollara yüksəlib.
Esper həmçinin xəbərdarlıq edib ki, uzunmüddətli müharibə ABŞ-nin silah ehtiyatlarını tükəndirir və Çinlə bağlı risklər fonunda ölkənin resurslarını yayındırır.
Onun fikrincə, kampaniyanın uğuru Hörmüz boğazında sərbəst gəmiçiliyin bərpası və İranla daha sərt şərtlər əsasında yeni nüvə sazişinin imzalanması ilə qiymətləndirilə bilər.
ABŞ-nin keçmiş dövlət katibi Kondoliza Rays da Tehrana qarşı iqtisadi təzyiqlərin gücləndirilməsini dəstəklədiyini bildirib.
17:04 16.07.2026
Oxunuş sayı: 45