KİV: Zaporojye AES-in baş mühəndisi dron zərbəsi nəticəsində həlak olub
Rusiyada yayılan məlumatlara görə, işğal altındakı Zaporojye Atom Elektrik Stansiyasının baş mühəndisi Aleksandr Yakovlev pilotsuz uçuş aparatının zərbəsi nəticəsində ölüb.
Crossmedia.az xəbər verir ki, iddialara əsasən, Ukraynaya məxsus pilotsuz uçuş aparatı Zaporojye AES-in sənaye zonası ilə Enerqodar şəhərinin sərhədində stansiyanın xidməti avtomobilinə zərbə endirib.
Məlumata görə, həlak olan Aleksandr Yakovlev Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən əvvəl Ukraynanın dövlət "Enerqoatom" müəssisəsində çalışıb və Zaporojye AES-də istismar üzrə direktor müavini vəzifəsini tutub.
İddialara əsasən, stansiya Rusiyanın nəzarətinə keçdikdən sonra Yakovlev Rusiya tərəfi ilə əməkdaşlığa razılıq verib, Rusiya vətəndaşlığı alıb və "Rosatom" ilə müqavilə imzalayaraq işğal altındakı AES-in mühəndis xidmətinə rəhbərlik edib.
Hadisə ilə bağlı Ukrayna tərəfi hələlik rəsmi açıqlama verməyib.

12:46 16.07.2026
Oxunuş sayı: 71