İlk dəfə kosmosda rentgen görüntüləri çəkildi
Tarixdə ilk dəfə kosmik gəmidə tam funksional rentgen görüntüləri əldə olunub. Alimlər bu nailiyyətin gələcək Ay missiyalarında tibbi diaqnostika imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcəyini bildirirlər.
Crossmedia.az xəbər verir ki, bu barədə "Space.com" məlumat yayıb.
Məlumata görə, təcrübə 2025-ci ilin mart ayında həyata keçirilən özəl Fram2 kosmik missiyası çərçivəsində aparılıb. Cəmi dörd saatlıq hazırlıq keçmiş dörd astronavt orbitdə portativ rentgen cihazından istifadə edərək bilək, qarın, çanaq, döş qəfəsi və hətta ağıllı saatların rentgen görüntülərini çəkiblər.
Çəkilən görüntülər rəqəmsal formatda qeydə alınıb və onların keyfiyyəti dərhal qiymətləndirilib. Yer üzərində əldə edilən görüntülərlə müqayisədə keyfiyyət bir qədər aşağı olsa da, sınıqların və digər xəsarətlərin diaqnostikası üçün kifayət qədər yüksək olduğu müəyyən edilib.
İndiyədək kosmosda tibbi müayinələr əsasən ultrasəs cihazları vasitəsilə aparılırdı. Rentgen texnologiyası isə xüsusilə sınıq və daxili zədələrin aşkarlanmasında daha dəqiq nəticələr verir. Bu baxımdan, Artemis proqramı və Ayda daimi baza yaradılması planları fonunda yeni texnologiya böyük əhəmiyyət daşıyır.
Mayo Klinikasının aerokosmik tibb üzrə dosenti Şayna Gifford bildirib ki, portativ sistem minimal hazırlıq keçmiş ekipaj tərəfindən də uğurla istifadə oluna bilir.
Alimlərin fikrincə, bu cihazlar gələcəkdə təkcə astronavtların sağlamlığının yoxlanılması üçün deyil, həm də kosmik avadanlıqların, skafandrların və elektron sistemlərin vəziyyətinin qiymətləndirilməsində istifadə oluna bilər. Hətta gələcəkdə onların Ay roverlərinə quraşdırılması da nəzərdən keçirilir.
Tədqiqatçılar hesab edirlər ki, portativ rentgen sistemləri Yer üzündə də, xüsusilə ucqar bölgələrdə, təbii fəlakət zonalarında və xilasetmə əməliyyatları zamanı tibbi xidmətin keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.
Araşdırmanın nəticələri "Radiology" jurnalında dərc olunub.
02:20 17.07.2026
Oxunuş sayı: 55