Mercedes-AMG yeni elektrikli CLA 45 modelini təqdim etdi
Mercedes-AMG tam elektrik mühərrikli yeni CLA 45 modelini təqdim edib. Avtomobil yüksək gücü və benzin mühərrikinin işini imitasiya edən texnologiyası ilə diqqət çəkir.
Crossmedia.az xəbər verir ki, bu barədə "Drom.ru" məlumat yayıb.
Məlumata görə, yeni Mercedes-AMG CLA 45 üç elektrik mühərriki ilə təchiz olunub. Bunlardan biri ön, ikisi isə arxa oxda yerləşir. Güc qurğusunun ümumi hasilatı 680 at gücü, maksimal fırlanma anı isə 1 759 Nm təşkil edir.
Modelin əsas yeniliklərindən biri benzin mühərrikinin işini imitasiya edən sistemdir. Avtomobil sürətlənmə zamanı mühərrik səsi, oturacaqlarda yaranan vibrasiya və elektrik mühərrikinin gücünün qısa fasilələrlə dəyişməsi vasitəsilə pilləli transmissiyanın işləməsini təqlid edir.
Avtomobil 94 kVt/saat tutumlu batareya ilə təchiz olunub. Tam enerji ilə 670 kilometrədək məsafə qət edə bilir. Mercedes-AMG avtomobilin çəkisini açıqlamasa da, onun iki tondan artıq olduğu bildirilir.
Yeni CLA 45 0-dan 100 km/saata cəmi 2,7 saniyəyə sürətlənir. Maksimal sürət elektron şəkildə 250 km/saatla məhdudlaşdırılıb. Əlavə ödəniş müqabilində bu göstərici 270 km/saata qədər artırıla bilər.
Model ön hissədə işıqlandırılan radiator barmaqlığı imitasiyası, aerodinamik kuzov paketi, üç rəqəmsal ekrandan ibarət ön panel və salon boyu LED işıqlandırma ilə təklif olunur. Standart komplektasiyada oturacaqlar süni dəri ilə üzlənib.
Yeni Mercedes-AMG CLA 45 həm sedan, həm də universal kuzov variantlarında satışa çıxarılacaq. Hər iki versiya yüksək sürətdə avtomatik qalxaraq əlavə basma qüvvəsi yaradan aktiv arxa spoylerlə təchiz edilib.
01:00 17.07.2026
Oxunuş sayı: 86