İsrail ABŞ ilə İranın "Pikaks" obyektini müzakirə edib
İsrail nümayəndə heyəti Vaşinqtonda ABŞ rəsmiləri ilə keçirdiyi qapalı görüşlərdə İranın nüvə proqramı ətrafında aparılan danışıqları və "Pikaks" yeraltı obyektini müzakirə edib.
Crossmedia.az xəbər verir ki, İsrailin "Channel 14" telekanalı bu barədə məlumat yayıb.
Məlumata görə, görüşlərdə əsas müzakirə mövzularından biri İranın "Pikaks" dağı altında yerləşən yeraltı kompleksi olub. Bildirilir ki, bu obyekt Tehranın nüvə proqramı ilə əlaqələndirilən ən yaxşı mühafizə olunan infrastrukturlardan biri hesab edilir.
Mənbələrin iddiasına görə, İsrail Vaşinqtona səfərdən əvvəl ABŞ tərəfini "Pikaks" obyektini strateji hədəf hesab etdiyi və onun İranla gələcək hər hansı razılaşmada nəzərə alınmalı olduğu barədə məlumatlandırıb.
"Channel 14"ün məlumatına əsasən, aparılan məsləhətləşmələrdən sonra Vaşinqtonun bu məsələ ilə bağlı mövqeyi dəyişib. Bildirilir ki, ABŞ Prezidenti Donald Tramp iyulun 13-də ilk dəfə ictimai şəkildə "Pikaks" obyektinin adını çəkərək ABŞ-ın həmin obyektə qarşı hərbi əməliyyat ehtimalını istisna etmədiyini bəyan edib.
17:40 15.07.2026
Oxunuş sayı: 60