Trampın Hörmüz boğazı ilə bağlı geri addımı yeni risklər yaradır
ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazından keçən gəmilərdən rüsum tutulması ideyasından imtina etməsi beynəlxalq gəmiçiliyə dair yeni qeyri-müəyyənliklər yaradıb.
Crossmedia.az xəbər verir ki, "The New York Times" bu barədə məlumat yayıb.
Nəşrin yazdığına görə, Tramp bir gün əvvəl ABŞ hərbçilərinin mühafizəsi altında Hörmüz boğazından keçən gəmilərdən 20 faiz rüsum tutulmasını təklif etsə də, sonradan bu ideyadan geri çəkilib.
Bunun əvəzində ABŞ Prezidenti Fars körfəzi ölkələrinin Amerika iqtisadiyyatına investisiyalarını artıracağı təqdirdə onlara təhlükəsiz gəmiçilik zəmanəti verilə biləcəyini bəyan edib. Lakin Tramp bu təşəbbüsün hansı ölkələrə şamil olunacağını və praktikada necə həyata keçiriləcəyini açıqlamayıb.
"The New York Times" bildirir ki, bu mövqedəki kəskin dəyişiklik ABŞ ilə İran arasında yenidən alovlanan gərginlik fonunda dünyanın ən mühüm dəniz marşrutlarından biri ətrafında artan qeyri-müəyyənliyi əks etdirir.
Nəşr qeyd edir ki, beynəlxalq gəmiçilik sektoru və Beynəlxalq Dəniz Təşkilatının (IMO) nümayəndələri beynəlxalq boğazlardan keçidə görə ödəniş tətbiqinin mövcud təcrübəyə zidd olduğunu, bunun isə qlobal dəniz daşımalarının maya dəyərini artıracaq təhlükəli presedent yarada biləcəyini bildirirlər.
Məqalədə həmçinin vurğulanır ki, İran Trampın bəyanatlarından gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinə görə ödəniş tələb etmək mövqeyini əsaslandırmaq üçün istifadə edib. Bildirilir ki, münaqişədən əvvəl Hörmüz boğazından gündə 130-dan çox gəmi keçirdisə, son günlər bu rəqəm təxminən 10-a enib.
17:54 15.07.2026
Oxunuş sayı: 63