İlon Mask: Marin Le Pen Fransanın son ümididir
Amerikalı sahibkar İlon Mask Fransanın sağçı "Milli Birlik" Partiyasının parlament fraksiyasının lideri Marin Le Peni 2027-ci il prezident seçkiləri ərəfəsində ölkənin "son ümidi" adlandırıb.
Crossmedia.az xəbər verir ki, "X" sosial şəbəkəsində bununla bağlı paylaşım edilib.
İlon Mask "X" sosial şəbəkəsində bir istifadəçinin Marin Le Penin reytinqinin sürətlə artması ilə bağlı paylaşımına münasibət bildirərək, "O, Fransanın son ümididir", - deyə yazıb.
Marin Le Pen iyulun 7-də 2027-ci ildə keçiriləcək Fransa prezident seçkilərində namizəd olacağını açıqlayıb.
Həmin gün Paris Apellyasiya Məhkəməsi Avropa Parlamentinin vəsaitlərinin mənimsənilməsi işi üzrə Le Pen barəsində çıxarılan ittiham hökmünü qüvvədə saxlayıb. Bununla yanaşı, məhkəmə cəzanı yüngülləşdirərək onu üç il azadlıqdan məhrum edib. Cəzanın bir ilini elektron qolbaq nəzarəti altında keçirməsi, qalan iki ilin isə şərti hesab olunması qərara alınıb.
Qərara əsasən, Marin Le Pen 2027-ci il prezident seçkilərində iştirak etmək hüququnu saxlayır.
Xatırladaq ki, martın 31-də Marin Le Pen və "Milli Birlik" Partiyasından olan səkkiz deputat Avropa Parlamentində köməkçilərin işə götürülməsi üçün ayrılmış vəsaitlərin mənimsənilməsində təqsirli bilinmişdilər. İlk instansiya məhkəməsi Le Penə dörd il həbs cəzası vermiş, həmçinin onu beş il müddətinə dövlət vəzifələrinə seçilmək hüququndan məhrum etmişdi. Sonradan bu qərar apellyasiya instansiyasında dəyişdirilib.
16:27 15.07.2026
Oxunuş sayı: 54