404 xətasının sirri açıqlandı: Məşhur iddia həqiqəti əks etdirmirmiş
İnternet istifadəçilərinin tez-tez qarşılaşdığı 404 xəta kodunun mənşəyi ilə bağlı illərdir yayılan məşhur iddianın doğru olmadığı məlum olub.
Crossmedia.az xəbər verir ki, "Habertürk" bu barədə məlumat yayıb.
Uzun illərdir internetdə yayılan iddiaya görə, Ümumdünya Hörümçək Torunun (World Wide Web) yaradıldığı İsveçrənin CERN laboratoriyalarında 404 nömrəli otaq mövcud olub və server həmin otaqda yerləşdiyi üçün "404 – Fayl tapılmadı" mesajı buradan yaranıb.
Lakin internetin yaradıcılarından biri olan Robert Kayyo (Robert Cailliau) bu versiyanın həqiqəti əks etdirmədiyini bildirib. Onun sözlərinə görə, CERN-də heç vaxt 404 nömrəli ofis və ya server otağı olmayıb. Hətta həmin dövrdə laboratoriyanın otaq nömrələmə sistemi 400-cü seriyaya qədər çatmayıb.
Mütəxəssislərin izahına görə, 404 kodunun yaranması tamamilə texniki standartlarla bağlıdır. 1990-cı illərin əvvəllərində internet protokolları hazırlanarkən sistemdə baş verən vəziyyətləri təsnif etmək üçün üçrəqəmli kodlar müəyyən edilib.
Bu təsnifata əsasən, 4 rəqəmi ilə başlayan bütün kodlar istifadəçi (klient) tərəfində yaranan xətaları ifadə edir. Məsələn, 400 "Yanlış sorğu", 401 "İcazəsiz giriş", 404 isə "Tapılmadı" (Not Found) mənasını daşıyır.
Beləliklə, məşhur 404 kodu hər hansı sirli otağın adı deyil, internet standartlarında "resurs tapılmadı" vəziyyətini göstərmək üçün seçilmiş məntiqi nömrələmə sisteminin bir hissəsidir.
07:50 16.07.2026
Oxunuş sayı: 65