Pezeşkian: Trampın boş ritorikasına əməli cavabla qarşılıq verəcəyik
İran Prezidenti Məsud Pezeşkian ABŞ Prezidenti Donald Trampın son bəyanatlarına cavab olaraq ölkəsinin təhdidlərə qarşı əməli addımlar atacağını və ərazi bütövlüyünü qətiyyətlə qoruyacağını bildirib.
Crossmedia.az xəbər verir ki, "IRNA" bu barədə məlumat yayıb.
Məsud Pezeşkian bildirib ki, ABŞ rəhbərliyinin İrana qarşı sərt bəyanatları davam etsə də, bu çağırışlar praktik nəticə verməyib.
Onun sözlərinə görə, İranı zəiflətmək və ya parçalamaq istəyən qüvvələr məqsədlərinə nail ola bilməyiblər.
“Düşmənin boş ritorikası davam edir. Lakin onlar döyüş meydanında məqsədlərinə çata bildilərmi? İranı parçalamaq niyyətində olanlar indi haradadır?” – deyə Pezeşkian vurğulayıb.
İran Prezidenti qeyd edib ki, ölkə rəhbərliyi hər qarış torpağın müdafiəsini təmin etməkdə qərarlıdır.
“Biz torpağımızın hər qarışını əməli şəkildə müdafiə etməyə borcluyq. Səsləndirilən kobud bəyanatlar yalnız onları xarakterizə edir, İran xalqını deyil”, – deyə o bildirib.
Pezeşkian əlavə edib ki, hazırkı şəraitdə İran üçün ən mühüm məsələ daxili birlik və həmrəyliyin qorunmasıdır.
Onun sözlərinə görə, cəmiyyətdə parçalanmaya səbəb olan hər hansı bəyanat və ya addım ölkənin gücünü zəiflədir.
12:12 15.07.2026
Oxunuş sayı: 48